BTQ modernləşdirmədən sonra tam gücü ilə istismara verildi

Baş səhifə

Bakı.Trend:

Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti modernləşdirmə
işlərinin tamamlanmasından sonra tam gücü ilə istismara
verilib.

Trend xəbər
verir ki, bununla bağlı keçirilən rəsmi mərasimdə xəttin istifadəyə
verilməsi simvolik düymənin basılması ilə qeyd olunub.

Tədbirdə iştirak edən rəsmi şəxslər birgə şəkildə simvolik
düyməni basaraq BTQ dəmir yolunun modernləşdirmədən sonrakı yeni
fəaliyyət mərhələsinin başlandığını elan ediblər.

Qeyd edək ki, mayın 18-də Bakıda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli
Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və
nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və
davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən
Bakı–Tbilisi–Qars yeni dəmir yolu xətti layihəsinin həyata
keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə
qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası,
rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci
iclasının Protokolu imzalanıb. Bu sənədlə BTQ dəmir yolu layihəsi
üzrə modernləşdirmə işlərinin tamamlanması və yekun qəbulu təsdiq
edilib.




2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən
Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının
artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184
kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb.

5 mərhələdən ibarət layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8
dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını
(körpü, yolötürücü, keçid və s.) əhatə edib. Layihə çərçivəsində
30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin
dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir
yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata
keçirilib.

Görülmüş işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti
1 milyon tondan 5 milyon tona çatdırılıb, bu xətt Çin və Mərkəzi
Asiyadan Avropaya doğru daha funksional quru marşrutlardan birinə
çevrilib.