
Bakı. Trend:
25 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının
ölkəmizə yeni təyin olunmuş səfiri Abdinur Dahir Fidounu qəbul
edib.
Trend xəbər verir ki, bu
barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun
Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik
edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Somalinin ölkəmizdə ilk rezident səfirinin iki ölkə arasında
münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyinə
dair əminlik ifadə olunub.
Görüşdə Azərbaycan və Somali arasında ikitərəfli və çoxtərəfli
əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə
olunub.
Son bir neçə il ərzində ölkələrimiz arasında təmasların
intensivləşməsi, qarşılıqlı səfərlərin sayının artmasının məmnunluq
doğurduğu qeyd edilib. Ötən ilin fevral ayında Somali Prezidentinin
ölkəmizə səfəri, daha sonra Azərbaycan hökumət missiyasının
Somaliyə səfəri və bu çərçivədə Xarici İşlər Nazirlikləri arasında
ilk siyasi məsləhətləşmələrin keçirilməsi, Somali xarici işlər
nazirinin iyun ayında ölkəmizə səfəri məmnunluqla xatırlanıb.
Azərbaycan və Somali arasında əməkdaşlığın siyasi, iqtisadi,
humanitar, kənd təsərrüfatı, enerji və digər sahələrdə daha da
dərinləşdirilməsi üçün mövcud potensialdan istifadə olunmasının
vacibliyi vurğulanıb.
Görüşdə, Azərbaycan və Somali arasında ikitərəfli çərçivədəki
münasibətlərlə yanaşı, çoxtərəfli beynəlxalq və regional
platformalarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam
Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində
əməkdaşlığın önəmi vurğulanıb. Bununla yanaşı, Somalinin
2025–2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi
üzvlüyü dövründə əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib.
Ölkəmizin Somali Federativ Respublikasının beynəlxalq səviyyədə
tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazi
bütövlüyünə tam dəstəyi bir daha diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

