Bakı. Trend:
Rumıniyada yerləşən “Skarişoara” buz mağarasında aparılan
tədqiqatlar zamanı alimlər 5 min illik buz qatlarında
antibiotiklərə yüksək davamlılıq göstərən qədim bakteriya aşkar
ediblər.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, molekulyar bioloqlar buz çöküntülərindən ayrılmış
və Psychrobacter cinsinə aid olan mikroorqanizmin genomunu deşifrə
ediblər. SC65A.3 indeksi ilə tanınan bu ştam mövcud on müxtəlif
antibiotik növünə qarşı davamlılıq nümayiş etdirib. Alimlər
müəyyənləşdiriblər ki, bakteriyanın DNT-sində antibiotikləri
zərərsizləşdirməyə cavabdeh təxminən 100 gen mövcuddur.
Araşdırmalar göstərib ki, bakteriya yalnız antibiotiklərə
davamlı deyil, eyni zamanda, bir sıra təhlükəli
“superbakteriyaların”, o cümlədən xəstəxana mənşəli stafilokok,
klebsiella və digər patogenlərin çoxalmasını ləngidə bilən maddələr
də ifraz edir. Bu isə mikroorqanizmi alternativ antimikrob
preparatların hazırlanması baxımından perspektivli tədqiqat
obyektinə çevirir.
Qeyd edək ki, Rumıniyada aşkar edilmiş bu qədim bakteriya həm
antibiotiklərə davamlılığın təkamül mexanizmlərinin öyrənilməsi,
həm də yeni dərman strategiyalarının hazırlanması baxımından elmi
ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir.

