
Bakı. Trend:
Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Qırmızı
Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri ilə onlara təhsil
yolunda dəstək göstərən donorlar arasında görüş təşkil olunub.
Səmimi, səhər yeməyi formatında keçirilən görüşdə donorlar öz həyat
və peşəkar karyera təcrübələrini tələbələrlə bölüşərək onlara
tövsiyələrini veriblər. Təqaüd proqramının qalibləri isə karyera
planları, akademik nailiyyətləri və təhsil fəaliyyətləri barədə
məlumat verərək öz suallarını ünvanlayıblar.
Görüşdə “Kapital Bank”ın İdarə Heyəti sədrinin müavini, Baş
Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə, İdarə Heyətinin
üzvü, Baş Komplayens İnzibatçısı Kamal Abdullayev, eləcə də Birbank
Private müştəriləri iştirak ediblər.
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov iştirakçılara
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı və “Onu Oxut” aksiyası ilə
bağlı ətraflı məlumat verərək qeyd edib ki, bu il ilk dəfə olaraq
tələbələrə təqaüd aldıqları müddət ərzində donorlar tərəfindən
mentor proqramı ilə dəstək olunacaq.
Qeyd edək ki, 2024-cü ildən etibarən “Qırmızı Ürəklər” Təhsil
Təqaüd Proqramı Qırmızı Ürəklər Fondunun və Təhsilin İnkişafı
Fondunun tərəfdaşlığı ilə həyata keçirilir. 2025-2026-cı tədris ili
üzrə elan olunan proqrama 995 nəfər müraciət edib, 73 namizəd
müsahibə mərhələsinə dəvət olunub və 20 tələbə qalib elan olunub.
Təqaüd proqramı çərçivəsində “Birbank Private” müştərilərinin
dəstəyi ilə 10 tələbəyə təqaüd verilir.
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə “Kapital
Bank”ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq
fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond
ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.
Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil,
təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali
məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında
birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı
tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün
https://redhearts.az saytına
daxil ola bilərsiniz.

