Ötən il təhlükəli vəziyyətdə istismar olunan 144 qurğunun istismarı məhdudlaşdırılıb

Baş səhifə

Bakı.Trend:

2025-ci il ərzində 3561 təhlükə potensialı obyektdə 37569 qurğu
və avadanlıq üzrə texniki müayinələr keçirilib və 6603 akt tərtib
edilib. Aktlarda 14992 qayda pozuntusu qeydə alınıb, onların aradan
qaldırılması ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər
görülüb.

Trend xəbər
verir ki, bu fikirləri bu gün FHN-nin Sənayedə İşlərin Təhlükəsiz
Götürülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal
Ağayev FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Götürülməsi və Dağ-Mədən
Nəzarəti Dövlət Agentliyinin 2025-ci il ərzində fəaliyyətinə dair
hesabatı zamanı səsləndirib.

Agentlik rəsmisi bildirib ki, ötən il təhlükəli vəziyyətdə
istismar olunan 144 qurğunun istismarına qanunvericiliyə uyğun
məhdudiyyət tətbiq edilib.




“Texniki təhlükəsizlik tələblərinin icrası məqsədilə 5097 nəfər
işçinin bilik səviyyəsi yoxlanılıb və həmin şəxslərə müvafiq
təsdiqedici sənədlər təqdim edilib. Edilən müraciətlərə uyğun
olaraq, hüquqi və fiziki şəxslərə təhlükə potensialı obyektlərin
vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə 1087 ədəd
çıxarış təqdim edilib.

Təhlükə potensialı obyektlərdə istismar olunan texniki qurğu və
avadanlıqlar üzrə ümumilikdə 2696 hüquqi və fiziki şəxsə 14325 ədəd
texniki təhlükəsizlik sertifikatı verilib.Qeydiyyata alınmış
ekspertiza rəylərinin ümumi sayı 5494 ədəd təşkil edib”.

FHN rəsmisi əlavə edib ki, 2025-ci il ərzində müraciət edən
şəxslərə nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına
buraxılması haqqında 3405 ədəd şəhadətnamə verilib.