Müəllimi qorumaq gələcəyimizi qorumaqdır

Baş səhifə

Dünən biz bir faciə yaşadıq.

Bu, təkcə bir cinayət hadisəsi deyil, cəmiyyət, təhsil və
gələcəyimiz üçün həyəcan siqnalıdır.

10-cu sinif şagirdinin müəllimini güllələməsi hər birimizi
sarsıdan, susmağa imkan verməyən bir faktdır. Bu hadisə bizi nəticə
ilə yox, səbəblərlə üz-üzə qoyur. Çünki bu cür faciələr bir günün,
bir anın işi deyil.

Bu problemin kökü ailədən, sosial mühitdən, nəzarətsiz və laqeyd
çevrədən başlayır. Amma artıq bir həqiqəti açıq deməliyik: təhsil
sisteminə köhnə düşüncə ilə yanaşmaq ciddi səhvdir.

“Uşaq yaxşı oxuyursa, deməli problem yoxdur” yanaşması
yanlışdır. Qiymət cədvəlində yüksək bal alan hər uşaq daxildə
sağlam demək deyil. Akademik göstərici psixoloji tarazlığın ölçüsü
ola bilməz. Uşaq susa, dərsini oxuya, amma daxilində böyüyən
aqressiyanı, qorxunu, təzyiqi heç kim görməyə bilər.

Bu təhlükəli yanaşma bu gün bizi ağır nəticələrlə üz-üzə
qoyur.

Bunun üzərinə sosial şəbəkələr və internet oyunlarının təsiri də
əlavə olunur. Uşaqlar saatlarla virtual aləmdə yaşayır. Şiddət
normallaşdırılır, aqressiya oyuna çevrilir, insan həyatı ekranda
bir düyməyə basmaq qədər dəyərsizləşdirilir. Real həyatla virtual
aləm arasındakı sərhəd itdikcə, fəsadlar qaçılmaz olur.

Bu fakt bir daha göstərdi ki, cəmiyyətimizdə tərbiyə, nəzarət və
psixoloji dəstək sahəsində ciddi boşluqlar var. Biz isə təəssüf ki,
yalnız faciə baş verəndən sonra danışmağa başlayırıq.




Özümüzə sual verməyin vaxtıdır:
Məktəbdə uşaqların davranışına nə qədər diqqət yetiririk?
Riskli davranışlar vaxtında müəyyən edilirmi?
Psixoloji iş realdır, yoxsa kağız üzərində?
Uşaqların gününün neçə saatı ekran qarşısında keçir və biz buna
nəzarət edirikmi?
Məktəbdənkənar vaxt həqiqətənmi təhlükəsiz mühitdə keçir?

Məktəblərdə psixoloji və fiziki təhlükəsizlik formal prosedur
olmamalıdır. Bu, kağız üçün yox, uşaqlar üçündür. Valideyn yalnız
qiymətə yox, övladının davranışına, psixoloji vəziyyətinə, daxili
dünyasına və rəqəmsal mühitinə cavabdehdir.

14 yaşlı uşağı bu həddə gətirən mühit təftiş olunmalıdır. O
mühitə ailə də daxildir, məktəb də, küçə də, telefon ekranının
arxasındakı görünməz dünya da. Çünki kövrək yaşda edilən ağır
səhvin məsuliyyəti təkcə bir uşağın üzərinə yüklənə bilməz. Bu,
bölüşülməli məsuliyyətdir.

Bu gün müəllimə tuşlanan silah, əslində, təhsilə, cəmiyyətə və
gələcəyimizə tuşlanıb. Vaxtında reaksiya verilməsə, sabah daha ağır
faciələrin şahidi ola bilərik. Bu hadisəyə susmaq mümkün deyil.

Ümummilli Lider Heydər Əliyevin “Mən dünyada müəllimlikdən
yüksək ad tanımıram” fikri bu gün sadəcə sitat kimi
səslənməməlidir. Müəllimi qorumaq, ona hörmət etmək, onu uca tutmaq
— gələcəyimizi qorumaqdır.

Şəhla müəllimə gənc, istedadlı, uşaqların taleyinə valideyn
məsuliyyəti ilə yanaşan peşəkar pedaqoq idi. Ona açılan atəş bir
nəfərə deyil — cəmiyyətimizin dəyərlərinə və sabahına açılan
atəşdir.

Sevil Mikayılova
Milli Məclisin deputatı, IPU vitse-prezidenti