
Bakı. Trend:
Beynəlxalq Olimpiya Komitəsi (BOK) qlobal istiləşmənin təsiri
fonunda Qış Olimpiya Oyunlarının təxirə salınması və keçirilmə
tarixlərinin dəyişdirilməsi imkanlarını araşdırır.
Trend xəbər verir
ki, bu barədə “Associated Press” BOK Komissiyasının sədri Karl
Ştossun açıqlamasına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Qış Olimpiya Oyunlarının daha erkən —
yanvar ayında keçirilməsi variantı da müzakirə olunur.
“Yəqin ki, biz Qış Olimpiya Oyunlarının bir qədər tez, yanvar
ayında keçirilməsini də nəzərdən keçirəcəyik. Bu məsələnin
Paralimpiya Oyunlarına da təsiri var”, — deyə Karl Ştoss
bildirib.
O qeyd edib ki, hazırda 6–15 mart tarixlərində Milan və Kortina
d’Ampezzoda keçirilməsi planlaşdırılan Paralimpiya Oyunları çox gec
vaxta təsadüf edir, çünki həmin dövrdə hava şəraiti qarın əriməsinə
səbəb ola bilər. Bu baxımdan, əsas Olimpiya Oyunlarının yanvar
ayında, Paralimpiya Oyunlarının isə fevral ayında keçirilməsini
nəzərdə tutan alternativ plan müzakirə edilir.
Xatırladaq ki, Qış Olimpiya Oyunlarının 6–22 fevral tarixlərində
İtaliyanın Milan və Kortina d’Ampezzo şəhərlərində keçirilməsi
planlaşdırılırdı.

