
Bakı. Trend:
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq “Azəriqaz”
İstehsalat Birliyinin bütün struktur bölmələri məlumatlandırılıb,
sahələrdə risk yarada biləcək işlər minimuma endirilib.
İB-dən Trend-ə verilən məlumata görə, növbətçilik qrafiki
əsasında 7/24 rejimində çalışan briqadalar gücləndirilmiş iş
şəraitində fəaliyyətlərini davam etdirirlər.
Bildirilib ki, qaz təchizatının fasiləsizliyi, abonentlərlə
bağlı məsələlər və mümkün risklərin qarşısının alınması
istiqamətində görülən tədbirlər daimi nəzarətdə saxlanılır:
“Küləkli hava şəraiti zamanı tüstü bacaları ilə bağlı risklərin
arta biləcəyini diqqətə çatdıraraq qeyd etmək istərdik ki,
standartlara uyğun olmayan tüstü bacalarında sovurmanın zəifləməsi
yanma prosesinin pozulmasına və nəticədə dəm qazının yaranmasına
səbəb ola bilər.
Ölkə üzrə qüvvədə olan standartlara və texniki normativ
tələblərə əsasən, tüstü bacası dam səthindən minimum 50 sm
hündürlükdə olmalı və müvafiq qaydada quraşdırılmalıdır. Bu
tələblərə əməl edilməsi küləkli hava şəraitində təhlükəsizliyin
təmin olunmasına imkan yaradır.
Abonentlərə xüsusilə gecə saatlarında mənzillərdə qazla işləyən
qurğuların söndürülməsi və ya avtomatik tənzimlənən avadanlıqlardan
istifadə olunması, tüstü bacalarının mütəmadi təmizlənməsi və
sovurmanın yoxlanılması tövsiyə olunur”.

