Diaspor gəncləri müxtəlif layihələrdə birləşir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın gəncləri bu günün fəal vətəndaşları olmaqla yanaşı,
ölkəmizin parlaq gələcəyinin qurucularıdır. Gənclərin bilik və
bacarıqlarının artırılması, milli-mənəvi dəyərlərə bağlılığının
möhkəmləndirilməsi, eləcə də beynəlxalq əlaqələrinin inkişaf
etdirilməsi dövlətimizin dayanıqlı inkişaf strategiyasının
prioritet istiqamətlərindəndir.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Bildirilir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlı gənclərin iştirakı ilə
ardıcıl və genişmiqyaslı layihələr həyata keçirir. 2022-ci ildə
Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılara, xüsusilə gənclərə
tarixi Vətənlə əlaqələrini daim qoruyub saxlamaq, mütəmadi olaraq
Azərbaycana səfər etmək, ana dilini unutmamaq, Azərbaycan tarixini
və mədəniyyətini dərindən öyrənmək barədə verdiyi tövsiyələr
Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində əsas istiqamət
kimi müəyyən edilib.

Gənclərə yönəlik layihələr çərçivəsində ölkəmizin müxtəlif
şəhərlərində, xüsusilə işğaldan azad olunan ərazilərdə təşkil
edilən Diaspor Gənclərinin Yay Düşərgələri hər il dünyanın 60-dan
çox ölkəsindən yüzlərlə gənci bir araya gətirir. Diasporla İş üzrə
Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birlikdə təşkil etdiyi
düşərgələr xaricdəki azərbaycanlı gənclərin və ölkəmizi sevən
xalqların nümayəndələrinin Azərbaycan haqqında bilik və
təcrübələrini artırır, onların intellektual və innovativ
potensialının reallaşmasını, şəbəkələşmə imkanlarının
genişlənməsini stimullaşdırır.

Komitənin “Diaspor Gəncləri 1+1”, “E-akademiya”, “Azərbaycan
Könüllüləri” “Diaspor Gənclərinin Qış Düşərgələri” və digər
layihələri xaricdə yaşayan azərbaycanlı gənclərin bilik və
bacarıqlarını artırmaqla yanaşı, onların ölkəmizə bağlılıq hissini
gücləndirir, milli-mənəvi dəyərlərə sədaqətini möhkəmləndirir.
Azərbaycanı beynəlxalq müstəvidə layiqincə təmsil etmələrinə təkan
verir.

“Diaspor Gəncləri 1+1” layihəsi iştirakçılara diaspor siyasəti,
Azərbaycan tarixi və azad olunan ərazilərdə aparılan
bərpa‑yenidənqurma prosesləri haqqında ətraflı məlumat verir,
onların milli kimlik və mənəviyyat baxımından daha da
zənginləşməsinə şərait yaradır.




“Liderliyin İnkişafı” diaspor liderlərinin formalaşdırılmasını
və beynəlxalq əməkdaşlığın genişləndirilməsini hədəfləyir.

“Azərbaycan Diaspor Könüllüləri” layihəsi diaspor sahəsində
dövlət siyasətinə ictimai dəstəyin təşkili, yerli və beynəlxalq
tədbirlərdə iştirakın təmin edilməsi və maarifləndirici aksiyaların
həyata keçirilməsi ilə xaricdə yaşayan gənclərin aktivliyini daha
da artırır.

Bununla yanaşı, diaspor gənclərinin fikir və təcrübə
mübadiləsinin genişləndirilməsi, aktual çağırışlar ətrafında bir
araya gətirilməsi və ortaq fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsi məqsədilə dünyanın müxtəlif ölkələrində
forumlar təşkil olunur. Bu forumlar xaricdə yaşayan azərbaycanlı
gənclərin bir araya gələrək diaspor fəaliyyətinin aktual
məsələlərini müzakirə etmələrinə, qarşılıqlı təcrübə mübadiləsi
aparmalarına və birgə təşəbbüslər formalaşdırmalarına geniş imkan
yaradır. Nəticələrin təhlili göstərir ki, forumlar gənclərin
diaspor fəaliyyətində daha fəal iştirakını təşviq edir. Onların
qlobal miqyasda şəbəkələşməsi, milli maraqlarımızın müdafiəsi
istiqamətində koordinasiyalı fəaliyyət göstərməsi və Azərbaycanın
səsinin beynəlxalq platformalarda daha güclü şəkildə eşidilməsi
işinə mühüm töhfə verir. Bu gün dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən bir sıra Azərbaycan evlərinə və həftəsonu
məktəblərinə məhz gənclər rəhbərlik edir.

Xaricdə yaşayan hər bir gənc soydaşımızın diaspor sahəsindəki
aktiv fəaliyyəti həmişə dövlətin diqqət mərkəzindədir və yüksək
qiymətləndirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin həyata
keçirdiyi genişmiqyaslı layihələrdə fəal iştirak edən bir çox
gənclərimiz “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif
olunub. Bu təltiflər onların təşəbbüskarlığını yüksək
qiymətləndirməklə yanaşı, gənclərə göstərilən diqqət və qayğının
ardıcıl dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu açıq
şəkildə nümayiş etdirir.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hər il 2 Fevral
– Gənclər Günü münasibətilə dünyanın müxtəlif ölkələrində keçirilən
tədbirlər gənclərin maraqlarının mərkəzləşməsinə və ahəngdar
inkişafına, beynəlxalq əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə
xidmət edir.