
Bakı. Trend:
ABŞ də, İran da Yaxın Şərqdə yeni bir müharibədən heç bir fayda
əldə etməyəcək, belə bir ssenari isə bütün regionda sabitliyi
pozacaq.
Trend xəbər verir ki, bunu
İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Misir Prezidenti
Əbdülfəttah əs-Sisi ilə telefon danışığı zamanı deyib.
Onun sözlərinə görə, İran İslam Respublikası heç vaxt müharibəyə
meyilli olmayıb və hazırda da deyil, çünki müharibənin nə İranın,
nə ABŞ-nin, nə də regionun maraqlarına uyğun olmadığını qəti
şəkildə hesab edir.
Pezeşkian, həmçinin Vaşinqtonun Tehranı təzyiq və güc yolu ilə
danışıqlara cəlb etməyin mümkünsüzlüyünü artıq dərk etdiyinə
ümidvar olduğunu bildirib. O vurğulayıb ki, İran İslam
Respublikasının ərazisinə qarşı istənilən təcavüz və ya hücum sərt
və adekvat cavabla üzləşəcək, lakin İran problemlərin həllini
diplomatik müstəvidə axtarmaqda davam edir.

