
Bakı. Trend:
Müstəntiq bir sıra hallarda məhkəmə qərarı olmadan öz qərarı
əsasında məcburi olaraq İKT sisteminə, onun hissələrinə, elektron
verilənlərin saxlanıldığı daşıyıcılara və elektron verilənlərə
baxış həyata keçirə biləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan
Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun
layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, cinayətin izlərinin, sübut mənbəyi ola
biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə
hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən
edilməsi məqsədi ilə müstəntiq İKT əşyaların, sistemlərinin,
onların hissələrinin, elektron verilənlərin saxlanıldığı
daşıyıcıların və ya elektron verilənlərin baxışını aparacaq. Baxış
zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə İKT
sistemini, onun hissələrini, elektron verilənlərin saxlanıldığı
daşıyıcıları və ya elektron verilənləri götürəcək.
Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi
tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması
prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə
əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət
təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaların, elektron
verilənlərin təqdim edilməsini, yoxlama və təftişin keçirilməsini
səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlı
olacaq.
İKT sisteminə, onun hissələrinə, elektron verilənlərin
saxlanıldığı daşıyıcılara və elektron verilənlərə baxış, onlarda
axtarış, habelə onların və elektron verilənlərin götürülməsi
(yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan,
işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun
icazəsi ilə müstəntiq biu istintaq hərəkətlərinin aparılması üçün
məhkəmə qərarının alınması tələb edilməyəcək), xidmət provayderində
saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və
məzmun verilənlərinin) ələ keçirilməsinin məcburi aparılması üçün
bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunacaq.
Şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin
törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın
aparılmasına dəlalət edən İKT sisteminin, onun hissələrinin,
elektron verilənlərin saxlanıldığı daşıyıcıların və ya elektron
verilənlərin gizlədilməsini və ya məhv edilməsini güman etməyə əsas
verən dəqiq məlumat olduqda müstəntiq axtarış və ya götürməni
məhkəmənin qərarı olmadan apara biləcək.
Yuxarıdakı abzasda qeyd edilən hallar olduqda müstəntiq müvafiq
məhkəmə qərarı olmadan öz qərarı əsasında məcburi olaraq İKT
sisteminə, onun hissələrinə, elektron verilənlərin saxlanıldığı
daşıyıcılara və elektron verilənlərə baxış, onlarda axtarış, o
cümlədən Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada
aparılan genişləndirilmiş axtarış, habelə İKT sistemini, onun
hissələrini, elektron verilənlərin saxlanıldığı daşıyıcıları və
elektron verilənləri götürmə həyata keçirə biləcək.
Şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə olan ağır və ya
xüsusilə ağır cinayətlər üzrə sübutların müəyyən edilməsi üçün
təxirə salına bilməyən hallar yarandıqda müstəntiq müvafiq məhkəmə
qərarı olmadan öz qərarı əsasında xidmət provayderində saxlanılan
digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun
verilənlərinin) məcburi ələ keçirəcək.
Məlumat üçün bildirək ki, qanun layihəsində cinayət-prosessual
qanunvericiliyə aşağıdakı yeni anlayışların əlavə olunması təklif
edilir:
- informasiya və kommunikasiya
texnologiyaları sistemi – proqram təminatı
əsasında elektron verilənləri toplayan, saxlayan və avtomatik emal
edən hər hansı qurğu və ya qarşılıqlı qoşulmuş və ya
əlaqələndirilmiş qurğular qrupudur; - elektron verilənlər – faktların,
məlumatların və ya anlayışların İKT sistemində emal üçün yararlı
formada olan hər hansı təsviri, o cümlədən İKT sisteminin müəyyən
funksiya yerinə yetirməsini təmin edən proqramdır; - xidmət provayderi – göstərdiyi
xidmətlərin istifadəçilərini İKT sistemi vasitəsilə kommunikasiya
imkanı ilə təmin edən, yaxud belə kommunikasiya xidmətləri və ya
xidmət istifadəçiləri üçün elektron verilənlərin emalını və ya
saxlanılmasını həyata keçirən istənilən dövlət orqanı (qurumu),
hüquqi və ya fiziki şəxsdir; - trafik verilənləri – kommunikasiyanın
mənbəyini, təyinat yerini, marşrutunu, vaxtını, tarixini, ölçüsünü,
müddətini və ya xidmətin növünü göstərən, kommunikasiya zəncirinin
tərkib hissəsini təşkil edən İKT sistemi tərəfindən yaradılan, İKT
sistemi vasitəsilə həyata keçirilən kommunikasiya ilə əlaqəli olan
hər hansı elektron veriləndir; - abunəçi məlumatları – trafik və ya
məzmun verilənləri istisna olmaqla, istifadə edilən kommunikasiya
xidmətinin növü, bu xidmətə dair texniki təminat tədbirləri və
xidmətin göstərilmə müddəti, xidmət müqaviləsi və ya razılaşması
əsasında əldə edilən abunəçinin şəxsiyyəti, poçt və ya coğrafi
ünvanı, telefon və digər əlaqə nömrəsi, hesablaşma və ya ödəniş
məlumatları, kommunikasiya avadanlıqlarının quraşdırıldığı yerlər
haqqında hər hansı məlumatları müəyyən etməyə imkan verən xidmət
provayderinin göstərdiyi xidmətlərin istifadəçiləri barədə xidmət
provayderində saxlanılan istənilən məlumatlardır; - məzmun verilənləri – abunəçi
məlumatları və ya trafik verilənləri istisna olmaqla, şəkillər,
mətn mesajları, səsli mesajlar, audioyazılar və videoyazılar da
daxil olmaqla İKT sistemi vasitəsilə ötürülən məlumatın mahiyyəti
ilə əlaqəli hər hansı elektron verilənlərdir.

