
Bakı. Trend:
Bakıda Türkmənbaşı Beynəlxalq Dəniz Limanının direktoru Paraxat
Cumayevin başçılıq etdiyi nümayəndə heyəti “Bakı Beynəlxalq Dəniz
Limanı” MMC-nin direktoru Eldar Salaxovla işgüzar görüş
keçirib.
Trend Türkmənistan
Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə
Türkmənbaşı, Bakı, Poti, Batumi və Konstansa limanları vasitəsilə
yük axınlarının artırılması perspektivləri müzakirə edilib.
Danışıqlar zamanı Türkmənistan və Azərbaycan arasında strateji
tərəfdaşlığın ardıcıl şəkildə gücləndirildiyi, Türkmənbaşı və Bakı
(Ələt) limanları arasında logistikanın inkişafına xüsusi diqqət
yetirildiyi vurğulanıb. Qarşılıqlı əmtəə dövriyyəsinin artması
fonunda Xəzər dənizi vasitəsilə yük axınının genişləndirilməsi,
nəqliyyat əlaqələrinin inkişafı və Orta Dəhlizin təşviqi üzrə
tədbirlər nəzərdən keçirilib.
Tərəflər son illərdə sərhəd və gömrük prosedurlarının
sadələşdirilməsi istiqamətində mühüm irəliləyişlərin əldə
olunduğunu, dəniz və dəmir yolu xidmətləri üzrə tariflərin
azaldılmasının multimodal daşımaların və tranzit konteyner
aşırımının artmasına müsbət təsir göstərdiyini qeyd ediblər.
Məlumatda bildirilir ki, görüşdə həmçinin Xəzər dənizi – Qara
dəniz beynəlxalq tranzit-nəqliyyat dəhlizinin inkişafı məsələləri,
o cümlədən Türkmənbaşı, Bakı, Poti, Batumi və Konstansa limanları
vasitəsilə yük daşımalarının artırılması perspektivləri müzakirə
olunub. Bütün maraqlı tərəflərlə, o cümlədən Avropa İttifaqı ilə
əməkdaşlığın aktivləşdirilməsinin vacibliyi vurğulanıb, bu dəhlizin
qlobal xarakteri və geniş perspektivləri, eləcə də səmərəli
informasiya mübadiləsinin qurulması məsələləri diqqət mərkəzində
olub.


