Qrenlandiya Baş naziri NATO missiyasının yaradılmasına hazır olduqlarını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın
müdafiəsini gücləndirmək tədbirlərini genişləndirməyə, o cümlədən
NATO-nun daimi missiyasının yaradılması imkanına hazır olduqlarını
bildirib.

Trend xəbər verir
ki, bu barədə məlumat “Bloomberg”ə istinadən yayımlanıb.

Baş nazir media qarşısında çıxışı zamanı deyib: “Qrenlandiyada
NATO missiyası, hərbi mövcudluğun və təlim fəaliyyətlərinin
artırılması kimi vacib təşəbbüslər vasitəsilə Arktikada
təhlükəsizliyi gücləndirmək istəyirik. Biz digər məsələlərin də
müzakirəsinə, həmçinin daimi əsasda daha çox şey etməyə
hazırıq”.




Nilsen ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark
Rütte arasında razılaşdırılan sazişin detallarını bilmədiyini
bildirib. Lakin o vurğulayıb ki, ada ilə bağlı yalnız Qrenlandiya
və Danimarka saziş bağlaya bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp fevral ayından
etibarən bir sıra Avropa ölkələrinə qarşı yeni rüsumlar tətbiq
etməyi planlaşdırırdı. Lakin Qrenlandiya ilə bağlı dialoqun
başlanması və yanvarın 21-də Davosda NATO-nun Baş katibi Mark Rütte
ilə danışıqlardan sonra yeni tariflərin tətbiqindən imtina
edilib.