Prezident İlham Əliyevin Davos mesajları: Sülh və strateji sabitlik, liderliyini gücləndirən Azərbaycan

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin Qlobal geosiyasi və iqtisadi
qeyri-müəyyənliklərin dərinləşdiyi bir mərhələdə sülh anlayışı
təkcə təhlükəsizlik məsələsi deyil, dayanıqlı inkişafın əsas şərti
kimi ön plana çıxır. Münaqişədən sonrakı dövrdə əldə olunan
razılaşmaların real nəticələrə çevrilməsi regionların gələcək
taleyini müəyyən edən həlledici amilə çevrilir. Bu baxımdan, Cənubi
Qafqazda formalaşmaqda olan yeni reallıqlar sülhün yalnız siyasi
deyil, həm də sosial və iqtisadi dəyər daşıdığını aydın şəkildə
ortaya qoyur.

Dünyanın ən mötəbər iqtisadi və siyasi platformalarından olan
Davos Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “Avrasiyanın iqtisadi özünəməxsusluğunun
müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirakı
postmünaqişə dövründə ölkənin regional və qlobal gündəmdə tutduğu
yeni mövqenin parlaq təzahürüdür. Ərazi bütövlüyümüzün və
suverenliyin bərpa olunmasından sonra Azərbaycanda formalaşan
təhlükəsizlik mühiti, strateji sabitlik Prezident İlham Əliyevin
çıxışında iqtisadi inkişaf üçün fundamental baza kimi təqdim
olundu.

Prezident İlham Əliyevin panel iclasındakı çıxışının əsas
intonasiya xəttini məhz sülh anlayışı təşkil edirdi. Söhbət o sülh
anlayışından gedir ki, bu fenomen dövlət başçısı üçün siyasi şüar
deyil, ölçülə bilən, iqtisadi nəticələr doğuran real vəziyyətdir.
Ərazi bütövlüyünün bərpasından sonra formalaşan yeni regional
reallıq Prezidentin nitqində müvəqqəti razılaşmaların deyil,
uzunmüddətli sabitliyin konturları kimi təqdim olundu.

Siyasi şərhçi Əziz Əlibəyli qeyd edir ki, Prezident İlham
Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsindəki çıxışları
zamanı Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olunması üçün
irəli sürdüyü konseptual yanaşmalar siyasi gündəmdə mühüm yer
tutur.

“Bu çıxışların ana xəttini münaqişənin artıq keçmişdə qaldığı və
regionun yeni bir inkişaf mərhələsinə qədəm qoyduğu mesajı təşkil
edir. Dövlət başçısı beynəlxalq auditoriyaya çatdırır ki,
Azərbaycanın sülh gündəliyi regionun bütövlükdə təhlükəsizlik və
rifah zonasına çevrilməsini hədəfləyir. Bu prosesin mərkəzində isə
beynəlxalq hüququn təməl prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü
və suverenliyə qarşılıqlı hörmətə əsaslanan sülh müqaviləsinin
imzalanması dayanır.”

Siyasi şərhçi hesab edir ki, Azərbaycanın sülh fəlsəfəsinin
digər mühüm sütunu iqtisadi inteqrasiyadır.

“Davos platformasında vurğulandığı kimi, sülhün davamlılığı
regionun iqtisadi cəhətdən bir-birinə nə dərəcədə bağlı olmasından
asılıdır. Orta Dəhliz layihəsi və Zəngəzur dəhlizinin açılması
perspektivi bu kontekstdə strateji əhəmiyyət kəsb edir. Azərbaycan
regionu parçalanmış ərazilərdən Avropa və Asiyanı birləşdirən vahid
bir tranzit mərkəzinə çevirməyi təklif edir.

Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfli
məsləhətləşmələr mexanizminin yaradılması təşəbbüsü regionun
taleyinin məhz region xalqları tərəfindən müəyyənləşdirilməsi
prinsipinə əsaslanır. Prezidentin mesajları həm də kənar güclərin
prosesə müdaxilə edərək vəziyyəti gərginləşdirməkdən çəkinməsinə
dair bir çağırışdır”.

Prezident İlham Əliyev panel çıxışı zamanı qeyd etdi ki, əldə
olunan razılaşmalar artıq kağız üzərində qalan niyyətlər toplusu
deyil, praktik nəticələrə çevrilməkdədir. Dövlət başçısı
Vaşinqtonda paraflanan sülh sazişini nəzərdə tutaraq deyir: “Bu,
artıq günümüzdə praktiki nəticələrə çevrilir. Bu, gələcəkdə 5–6
aylıq sülh deyil. Təbii ki, danmırıq, müstəqil ölkə olaraq bu
vəziyyətdən zövq alırıq.”

Təqdim olunan yanaşma Prezidentin sülhə baxışını açıq şəkildə
ortaya qoyur — sülh yalnız münaqişənin bitməsi deyil, dövlətin
suveren iradəsinin və inkişaf strategiyasının təminatıdır.

Davosda baş tutan panel iclasındakı çıxışında Prezident sülh
mövzusunu yalnız siyasi liderlərin iradəsi ilə məhdudlaşmayan,
cəmiyyətlərin davranış və düşüncə tərzində öz əksini tapmalı olan
struktur kimi təqdim etdi. Məhz bu səbəbdən postmünaqişə dövründə
həm Azərbaycan, həm də Ermənistan üçün əsas çağırış əldə edilən
razılaşmaları praktik müstəvidə nümayiş etdirmək, sülhün
üstünlüklərini cəmiyyətlərə hiss etdirə bilməkdir.

Prezidentin nitqində xüsusi vurğulanan məqam ondan ibarət idi
ki, qarşılıqlı etimad yalnız diplomatik masalarda deyil, ictimai
şüurda da formalaşmalıdır. Cəmiyyətlərin bu prosesə fəal şəkildə
qoşulması sülhün institusional deyil, sosial legitimlik
qazanmasının əsas şərti kimi dəyərləndirildi. Bu kontekstdə İlham
Əliyevin nikbin tonu təsadüfi deyildi — əldə olunan nəticələr təkcə
iki dövlət arasında münasibətlərin normallaşmasına deyil,
bütövlükdə Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşmasına
xidmət edən strateji dönüş nöqtəsi kimi təqdim olundu.

Siyasi ekspert Aqşin Kərimov qeyd edir ki, Prezident İlham
Əliyevin Davos İqtisadi Forumunda iştirakı Azərbaycanın xarici
siyasətdə və iqtisadi-ticari sferada perspektivlərini
genişləndirmək üçün unikal fürsətlər təqdim edir.

“Bu, mürəkkəb beynəlxalq münasibətlərdə artan mübahisələr, o
cümlədən qlobal müttəfiqlər arasında yaranan çatlar fonunda
Azərbaycan üçün əhəmiyyətlidir. İlham Əliyevin verdiyi bəyanatlar
və ona göstərilən yüksək ehtiram Azərbaycanın aparıcı dövlət kimi
konturlarını göstərir. Çünki Azərbaycan dünya sistemində mühüm
geosiyasi platformadır və Prezident İlham Əliyev dövlətin
potensialını beynəlxalq inkişafa uyğunlaşdırır”.

Ekspertin fikrincə, Davos İqtisadi Forumunda Prezident İlham
Əliyevin etdiyi çıxışlar və onun keçirdiyi görüşlər Azərbaycana
olan etimadı yeni quruluşda təsvir edir.

“Azərbaycan regional nizam və konsepsiya yaradıb onu presedent
kimi dünyaya təqdim edən siyasi kursa sahibdir. Prezident İlham
Əliyev panel iclasında Azərbaycanın prioritetlərini elan etdi. Bura
sülh quruculuğu, regional və qlobal risklərə qarşı preventiv
tədbirlərin görülməsi, onların iqtisadi faktorlarla
əlaqələndirilməsi daxildir. Bu, təhlükəsizlik risklərindən
Azərbaycanı sığortalaya biləcək məqamdır.

Bu, böyük strategiya olmaqla Azərbaycanın beynəlxalq nizamın
yenidən qurulması üçün irəli sürdüyü maraqları ifadə edir.
Azərbaycan bu istiqaməti Ermənistanla sülh proqramı kontekstində
paralelləşdirir. Göründüyü kimi, Prezident İlham Əliyev Davosda
daha böyük strategiya təklif edir, münaqişələrin dayandırılması
üçün alternativ konstruktiv variantları gündəmə gətirir, beynəlxalq
ictimaiyyətin diqqətini Azərbaycan–Ermənistan sülh gündəminə
yönəldir”.

Davos auditoriyasına ünvanlanan bu mesaj aydın idi: sülh artıq
gələcəyə dair qeyri-müəyyən vədlər toplusu deyil, regionun iqtisadi
və siyasi arxitekturasını dəyişdirən real prosesdir. Prezident
İlham Əliyevin baxışında bu prosesin uğuru yalnız bugünkü
razılaşmalarla deyil, sabahkı nəsillərin təhlükəsiz və əməkdaşlıq
mühitində yaşaması ilə ölçüləcək.