Bakı. Trend:
Maduro və həyat yoldaşı Nyu Yorkda ittiham aktından sonra
cinayət məsuliyyətinə cəlb olunacaq.
Trend xəbər verir ki, bu
barədə ABŞ baş prokuroru Pam Bondi “X” sosial şəbəkə hesabındakı
paylaşımında yazıb.
O bildirib ki, devrilmiş Venesuela lideri Nikolas Maduro və
həyat yoldaşı Silia Flores Nyu Yorkda irəli sürülmüş ittiham
aktından sonra cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Bondi sosial şəbəkə hesabındakı paylaşımında vurğulayıb ki, bu
cütlük tezliklə Amerika torpağında, Amerika məhkəmələrində
Amerikanın ədalətinin bütün sərtliyi ilə üzləşəcək.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp
Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq
ölkədən çıxarıldığını açıqlayıb.
O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun
lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum
həyata keçirib:
“Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra
olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat
konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün
təşəkkür edirəm!”

