Avropa Parlamenti Rusiyadan qaz idxalının mərhələli qadağasını nəzərdə tutan qanunu qəbul edib

Baş səhifə

Bakı. Trend:

Avropa Parlamenti Avropa İttifaqının 2027-ci ilin sonunadək
Rusiya qazının idxalından mərhələli şəkildə imtina edilməsini
nəzərdə tutan qanun qəbul edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmi
saytında məlumat dərc olunub.

Məlumata görə, qəbul olunmuş qanun Avropa İttifaqının enerji
təhlükəsizliyini Rusiya Federasiyasının siyasi alətinə
çevrilməsindən qoruyacaq.

Rusiya qazının idxalından imtinaya dair qanunun lehinə 500
deputat səs verib, 120 parlamentari əleyhinə çıxıb, 32 nəfər isə
bitərəf qalıb. Qanun qüvvəyə minməzdən əvvəl Avropa İttifaqı Şurası
tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir. Sənədin gələn il
təsdiqlənəcəyi gözlənilir.




Sənədə əsasən, qanun qüvvəyə mindikdən sonra, 2026-cı ilin
əvvəlindən etibarən Avropa İttifaqında Rusiya mənşəli
mayeləşdirilmiş təbii qazın (LNG) idxalı qadağan ediləcək. Boru
kəmərləri ilə nəql olunan qazın idxalı isə 30 sentyabr 2027-ci
ilədək mərhələli şəkildə dayandırılacaq.

Yeni qanun həmçinin pozuntulara yol verən operatorlara qarşı üzv
dövlətlərin tətbiq edəcəyi cərimələri də nəzərdə tutur.

“Bu, tarixi bir addımdır: Avropa İttifaqı Rusiya qazı və
neftindən azad yeni bir dövrə doğru nəhəng bir addım atır. Rusiya
artıq heç vaxt fosil yanacaq ixracını Avropaya qarşı silah kimi
istifadə edə bilməz. Əsas prioritetlərimiz boru kəməri qazına
qadağanın mümkün qədər tez tətbiqi, uzunmüddətli LNG
müqavilələrinin nəzərdə tutulduğundan bir il əvvəl qadağan edilməsi
və bu yeni qaydalardan yan keçilməsinin qarşısının alınması idi”, –
deyə Avropa Parlamentinin Sənaye, tədqiqat və enerji komitəsinin
aparıcı məruzəçi Ville Niinistö (Yaşıllar/EFA, Finlandiya)
bildirib.