“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib

Baş səhifə

Bakı. Trend:

Antiinhisar və İstehlak Bazara Nəzarət Dövlət Agentliyinin
tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND)
tərəfindən “2026-2028-ci illər üzrə milli standartlaşdırma
proqramı” təsdiq edilib.

Trend bu
barədə Agentliyə istinadən xəbər verir.

Proqram layihəsi 50-dən yuxarı dövlət və özəl qurumun müvafiq
rəy və təklifi nəzərə alınmaqla “Standartlaşdırma haqqında”
Azərbaycan Respublikasının Qanunu, həmçinin Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının
formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”na əsasən
formalaşdırılıb.

Proqram tərtib olunarkən texniki reqlamentlərin əsas
tələblərinin yerinə yetirilməsi məqsədilə qəbul ediləcək istinad
standartları, müvafiq normativ hüquqi aktlar, standartlaşdırma üzrə
texniki komitələrin iş planları, habelə beynəlxalq və regional
standartlaşdırma təşkilatlarının normativ sənədləri əsasında dövlət
standartlarının hazırlanması, müasir elmi-texniki araşdırmaların
nəticələri, ümumilikdə ölkənin sosial-iqtisadi inkişaf strategiyası
nəzərə alınıb.




Sənəddə iqtisadiyyatın bütün sferalarında müasir
texnologiyaların və həllərin tətbiqini təşviq edən, eləcə də
təhlükəsiz, keyfiyyətli və rəqabətqabiliyyətli mal və xidmətlərin
istehsalını təmin edən yeni standartların işlənib hazırlanması yer
alıb. Qarşıya qoyulan hədəflərin icrası məqsədilə sözügedən proqram
çərçivəsində üç il ərzində ümumilikdə 3 minədək dövlət standartının
qəbul edilməsi nəzərdə tutulur.

Bu Proqram xidmət, turizm, ətraf mühit, əməyin mühafizəsi və
təhlükəsizlik, metrologiya və sınaqlar, mexaniki və hidravlik
sistemlər, energetika və elektrotexnika, informasiya
texnologiyaları və telekommunikasiya, nəqliyyat və nəqliyyat
infrastrukturu, zərgərlik məmulatları, qablaşdırma, tekstil və dəri
texnologiyası, qida və kənd təsərrüfatı, kimya texnologiyası,
minerallar və dağ-mədən sənayesi, neft və əlaqəli texnologiyalar,
metallurgiya və maşınqayırma, taxta və mebel texnologiyası, şüşə və
keramika sənayesi, rezin və plastik sənayesi, kağız və karton,
lak-boya və əlvan boya sənayesi, inşaat materialları tikinti və
mülki mühəndislik, uşaq malları və digər mühüm strateji sahələri
əhatə edir.

Qeyd: “2026-2028-ci illər üzrə milli standartlaşdırma
proqramı”nın mətni ilə Azərbaycan Standartlaşdırma İnstitutunun
rəsmi internet səhifəsinə keçid edərək tanış ola bilərsiniz:

https://azstand.gov.az/az/standartlasdirma-uzre-milli-proqram