
Bakı.Trend:
Doğma yurda köç edən sakinlərin keyfiyyətli elektrik enerjisi
ilə təmin olunması məqsədilə “Azərişıq” ASC Xocavəndin elektrik
təsərrüfatını yeniləyir.
Trend xəbər
verir ki, bu barədfə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Cənab Prezident İlham Əliyevin tapşırıqlarına
əsasən həyata keçirilən yenidənqurma işləri nəticəsində Zoğalbulaq
qəsəbəsində və şəhər ərazisində 35/04 kV-luq yeni yarımstansiyalar
tikilib.
Hadrut, Qırmızı Bazar qəsəbələri, Sos kəndinə köçürülən ailələr
üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenilənib. Eləcə də, 10 və 35
kV-luq hava xətlərində, mövcud transformator məntəqələrində
təmir-bərpa işləri aparılıb, smart sayğaclar quraşdırılıb.
Hazırda şəhər ərazisi ilə yanaşı Çörəkli, Güneyxırman, Qarakənd,
Quzeyxırman, Xanoba kəndlərində təmir-bərpa və yenidənqurma işləri
davam edir.
Vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin
olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi
məqsədilə “Azərişıq” ASC ölkənin bütün regionlarında mərhələli
şəkildə elektrik şəbəkəsinin yenilənməsi işlərini davam
etdirir.

