Sofiyada kütləvi etiraz aksiyaları keçirilir

Baş səhifə

Bakı. Trend:

Bolqarıstanın paytaxtı Sofiyada müxalifət partiyalarının təşkil
etdiyi genişmiqyaslı etiraz aksiyaları hökumətin istefası və
növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

Trend xəbər verir
ki, aksiya hökumət binası, prezident administrasiyası və parlament
arasında yerləşən “hakimiyyət üçbucağı” ərazisində on minlərlə
etirazçının iştirakı ilə keçirilib.

Meydanda böyük monitorlar quraşdırılıb ki, iştirakçılar
çıxışları və prosesləri aydın şəkildə izləyə bilsinlər. Etirazçılar
yalnız hökumətin istefasını deyil, həm də ölkənin idarəetmə
sisteminin dəyişdirilməsini tələb edir, Bolqarıstanın
problemlərində isə “Vətəndaşlar Avropanın İnkişafı uğrunda”
partiyasının lideri Boyko Borisovu və “DPS – Yeni başlanğıc” siyasi
birliyinin rəhbəri Delyan Peevskini günahlandırırlar.




Meydanlardan belə şüarlar səslənib: “Biz aldadılmağa imkan
verməyəcəyik!”, “Sirk bitdi! İstefa və məhkəmə vaxtıdır!”,
“Bolqarıstanda mafiya idarəçiliyinə son!”.

Sofiya polisi gücləndirilmiş tərkibdə xidmət aparsa da, şəhərin
mərkəzində yol hərəkəti tamamilə iflic vəziyyətə düşüb. Polis giriş
məntəqələrində 25 nəfəri saxlayıb, onlardan bıçaq, qaz balonları,
pirotexnika və kütləvi tədbirlərdə qadağan olunan digər əşyalar
götürülüb.

Bolqarıstan Milli Televiziyasının məlumatına görə, kütləvi
etiraz aksiyaları Plovdiv, Varna, Burqas, Veliko Tırnovo və digər
böyük şəhərlərdə də davam edir.