
Bakı. Trend:
9 dekabr 2025-ci il tarixində Prezident Kitabxanası və “Bizi
Birləşdirən Mədəniyyət” İctimai Birliyinin birgə təşkilatçılığı ilə
“Heydər Əliyev və mədəniyyət” mövzusuna həsr olunmuş tədbirlər
silsiləsinin ilk mərhələsi – “Rəşid Behbudov 110” adlı dəyirmi masa
keçirilib.
Trend xəbər
verir ki, görüş Prezident Kitabxanasının İncəsənət zalında baş
tutub.
Tədbirdə Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini təmsil
edən tanınmış incəsənət və mədəniyyət xadimləri iştirak
ediblər.
Dəyirmi masa Prezident Kitabxanasının direktoru, professor Afət
Abbasovanın giriş nitqi ilə açılıb. Professor Abbasova qonaqları
salamlayaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin mədəni
irsin davamlı inkişafına dair formalaşdırdığı strateji baxış bu gün
Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə
həyata keçirilir və müasir siyasətin əsasını təşkil edir. Onun
sözlərinə görə, silsilə tədbirlərin başlanğıcı Rəşid Behbudovun
yubileyinə həsr olunması həmin siyasətin məntiqi davamıdır.
O, həmçinin qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyevanın Azərbaycan musiqi irsinin qorunması, sistemli
şəkildə toplanması və dünyada tanıdılması istiqamətində gördüyü
işlər xüsusi dəyər daşıyır. Professor Abbasova vurğulayıb ki,
Mehriban Əliyeva təkcə musiqi mədəniyyətimizin inkişafında deyil,
ümumilikdə milli-mədəni irsimizin beynəlxalq səviyyədə təqdimatında
müstəsna rol oynayır və bu mənada Azərbaycan mədəniyyətinin əsl
himayədarı və ilhamverici simasıdır.
Tədbirdə SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı,
Sosialist Əməyi Qəhrəmanı, dünya şöhrətli müğənni Rəşid Behbudova
həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarx sənətkarın
zəngin ifa irsini və vokal məktəbinin özünəməxsus xüsusiyyətlərini
göstərib, həmçinin onun Azərbaycan musiqisinin dünyada
tanıdılmasındakı töhfələrini əks etdirib.
Dəyirmi masa çərçivəsində Xalq artisti, bəstəkar Faiq
Sücəddinov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov
və Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi sənətkarın
Azərbaycan mədəniyyətinin inkişafında oynadığı rol, ifaçı
məktəbinin təsiri, musiqi və teatr sahəsində gətirdiyi yeniliklər,
eləcə də həyatı, yaradıcılığı və xatirələri barədə fikirlərini
bölüşüblər. Tədbirin gedişində Xalq artisti Faiq Sücəddinov, Orxan
Cəlilov, Əməkdar artist Emil Əfrasiyab və Əməkdar artist Ramil
Qasımov tərəfindən musiqi çıxışları təqdim olunub.
Sonda professor Afət Abbasova yekun nitqində dəyirmi masada
səslənən məruzə və mülahizələrin Rəşid Behbudov irsinin daha
dərindən anlaşılmasına töhfə verdiyini vurğulayıb və iştirakçılara
təşəkkürünü bildirib. O qeyd edib ki, bu görüş silsilənin ilk
tədbiridir və qarşıdakı görüşlər də Azərbaycan mədəniyyətinin
aparıcı simalarını bir araya gətirəcək.

