
Bakı.Trend:
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami
rayonu, Mikayıl Əliyev küçəsi, 33 ünvanında yerləşən “Qızıl qaya”
şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi
sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların
insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak
maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, obyektin elektrik təsərrüfatı “Elektrik
Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun
quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış
keçirilməyib;
– obyektdə quraşdırılan yanğınxəbərverici siqnalizasiya
qurğuları işlək vəziyyətdə deyil;
– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin
olunmayıb;
– yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst
yan alaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança
ilə təmin edilməyib, hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini
göstərən müvafiq lövhə quraşdırılmayıb və su mənbəyinə qədər olan
məsafə qeyd olunmayıb;
– daxili yanğın kranları lülə və atıcı şlanqlarla təmin
edilməyib;
– köçürmə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun
saxlanılmır;
– obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə
yanğına qarşı rejim müəyyənləşdirilməyib;
– taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
– obyektin siqaret çəkilməsi qadağan edilmiş otaqlarında və
ərazilərində gözəçarpan yerlərdə qadağanedici nişanlar
asılmayıb;
– yanğınxəbərverici siqnalizasiya qurğularına planlı texniki
xidmətin göstərilməsi üçün ixtisaslaşmış təşkilatlarla müqavilə
bağlanılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 33 ünvanında
yerləşən “Qızıl qaya” şadlıq evinin fəaliyyətinin dayandırılması
barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin
nümayəndəsinə təqdim edilib.

