
Bakı. Trend:
Pozitiv siyahıda yer alan dərman vasitələrinin şərti
kompensasiya məbləği ekvivalent dərman vasitələri arasında
vahidinin qiyməti ən aşağı olan dərman vasitəsinin vahidinin
qiymətinin qablaşdırılma miqdarına vurulması ilə müəyyən
ediləcək.
Trend xəbər
verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman
və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev “Sağlam Dialoq:
Media və Səhiyyə Kommunikasiyasında yeni Paradiqmalar” mövzusunda
təşkil olunan təlimdə təqdimatı zamanı qeyd edib.
Onun sözlərinə görə, bu proses keyfiyyətli, effektiv və
təhlükəsiz dərman vasitələrinin əlçatanlığını artıracaq.
“Həmçinin əczaçılıq bazarında azad rəqabətin artmasına da təsir
göstərəcək. Şərti kompensasiya məbləğinin 100%-i Agentlik
tərəfindən qarşılanacaq. Bu isə dərmanlara əlçatanlığı artıran
mühüm addımdır. Məsələn, eyni təsiredici maddəyə malik üç
ekvivalent dərmanın qiyməti belədir: 12 AZN, 15 AZN və 18 AZN.
Modelə əsasən 12 AZN şərti kompensasiya məbləği təyin edilir və
Agentlik bu məbləğin tam kompensasiyasını həyata keçirir”.

