
Bakı.Trend:
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması
istiqamətində işlər davam etdirilir. Bu işlərin davamı olaraq,
Saatlı rayonunun Mollavazlı və Bəylər kəndlərində içməli su
layihəsinin açılış mərasimi keçirilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
(ADSEA) məlumat yayıb.
Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin
müavini İlham Bayramov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı
Elmir Bağırov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya
Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin
nümayəndələri və kənd sakinləri iştirak ediblər. Bildirilib ki,
hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə
təminatı istiqamətində böyük layihələr icra olunur. Bu layihələr
növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan
əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə
təmin olunmasıdır.
Məlumat verilib ki, Saatlı rayonu, Mollavazlı və Bəylər kəndində
mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədi ilə
şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə
etməklə kənddaxili şəbəkə sistemi inşa edilib. Mollavazlı kəndinin
mövcud su şəbəkəsinin genişləndirilməsi məqsədilə uzunluğu 7 km su
şəbəkəsi inşa olunub və ümumilikdə abonentlərin sayı 350-yə
çatdırılıb.
Eyni zamanda Bəylər kəndində də uzunluğu 4 km su şəbəkəsi inşa
olunub və ümumilikdə abonentlərin sayı 296 çatdırılıb. Ümumilikdə
hər iki kənd üzrə əhaliyə verilən suyun dəqiq uçotunun aparılması
və sudan qənaətlə istifadə məqsədi ilə hər bir abonent su
sayğacları ilə təchiz edilib. Layihə çərçivəsində Mollavazlı və
Bəylər kəndi üzrə 3790 nəfər əhali mərkəzləşdirilmiş su təchizatı
sistemi ilə təchiz edilib.
Qeyd edək ki, Saatlı şəhərinin mövcud su təchizatı sistemi Kür
Su Təmizləyici Qurğusundan magistral su kəmərləri vasitəsilə təmin
olunur. Şəhərin 11.7 km olan magistral su kəməri, 136 km olan
daxili paylayıcı şəbəkə, 1 meydançada həcmi 2×5000 m3 olan su
anbarlar kompleksi və 1 ədəd mərkəzi su nasos stansiyası istismar
olunur. Şəhərin ümumi abonent sayı 4498, kənd abonentinin sayı isə
1281 təşkil edir. Ümumi olaraq 5779 abonentə xidmət göstərilir.
Rayon üzrə 11 yaşayış məntəqəsinə mərkəzləşmiş su təchizat xidməti
göstərilir. Həmçinin 26 kənddə modul tipli içməli su təmizləyici
qurğular olmaqla bulaqlar vasitəsilə su təminatı həyata
keçirilir.
2026-cı il ərzində layihənin davamı olaraq rayonun Əlisoltanlı,
Potubəyli kəndlərində mərkəzləşdirilmiş su şəbəkəsinin və
sayğacların quraşdırılması işləri və həmçinin su təminatı zəif olan
Nabat və Çolpı kəndlərinin su təminatı məqsədilə 2026-2027-ci
illərdə su təchizatı sisteminin layihə sənədlərinin hazırlanması və
tikintisi işlərinin icrası planlaşdırılır.
Sonda kənd ağsaqqalları göstərilən diqqət və qayğıya görə
dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, layihənin
icrasında əməyi olan hər kəsə və bu sahədə çalışan əməkdaşlara
təşəkkür ediblər.

