“Regional Su Meliorasiya Xidməti”nə məcburi göstəriş verilib

Baş səhifə

Bakı. Trend:

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində su
təchizatında Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin
tələblərinin pozulması halları müəyyənləşdirildiyindən Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə birgə əməkdaşlıq
çərçivəsində “Regional Su Meliorasiya Xidməti” PHŞ-yə uyğunsuzluğun
aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.

Bu barədə Trend-ə Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müxtəlif
təbii inhisar fəaliyyət sahələri üzrə Rəqabət Məcəlləsinin
tələblərinə əməl olunmasına nəzarət edir. Bununla əlaqədar olaraq,
Agentlik təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi,
eləcə də müştərilərin və təbii inhisar subyektlərinin maraqlarının
uzlaşdırılmasının təmin olunması istiqamətində tədbirləri həyata
keçirir.

Bu çərçivədə Biləsuvar rayonu sakinlərinin müraciətləri əsasında
aparılan araşdırmalar zamanı su təchizatı prosesinin daha effektiv
və hüquqi tələblərə tam uyğun şəkildə təşkili üçün əlavə
mexanizmlərin tətbiqinə ehtiyac olduğu müəyyən edilib.
Araşdırmaların nəticəsi olaraq, “Regional Su Meliorasiya Xidməti”
PHŞ-nin fəaliyyətinin Rəqabət Məcəlləsinə tam uyğunluğunun təmin
edilməsi məqsədilə bir sıra təkmilləşdirmə tədbirlərinin həyata
keçirilməsinin zəruriliyi əsas tutularaq iş qaldırılıb.




İşə baxılma prosesində təbii inhisar subyekti olan “Regional Su
Meliorasiya Xidməti” PHŞ tərəfindən Biləsuvar rayonu ərazisində su
təchizatı ilə bağlı həyata keçirilən müəyyən inzibati və texniki
məsələlərin sahə üzrə qanunvericilik tələblərinə uyğun daha
sistemli şəkildə icra olunmasının vacibliyi və uyğunsuzluğun
nəticələrinin aradan qaldırılmasına ehtiyac olduğu müəyyən
edilib.

Bu xüsusda Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin müvafiq
müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
tərəfindən “Regional Su Meliorasiya Xidməti” PHŞ-yə bütün ölkə
ərazisində, o cümlədən Biləsuvar rayonunda su təchizatının
qanunvericiliyə uyğun təşkili, suyun satışı ilə bağlı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi tariflərin tətbiqi,
istehlakçıların mənafeyinin qorunması və göstərilən xidmətlərin
təsdiq olunmuş keyfiyyət normalarına uyğunlaşdırılması ilə bağlı
icrası məcburi olan göstəriş verilib.

Göstəriş çərçivəsində su təchizatının dayanıqlılığının
artırılması, abonentlərlə işin daha şəffaf aparılması, müvafiq
tariflərin düzgün tətbiqi, həmçinin texniki infrastrukturun
mərhələli şəkildə təkmilləşdirilməsi nəzərdə tutulur. Agentlik
(AİBNDA) ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) bu
istiqamətdə əməkdaşlığı davam etdirərək su təchizatının daha
keyfiyyətli və qanunvericiliyə uyğun təşkil edilməsi üçün zəruri
tədbirləri görməyə davam edəcəkdir.