Bakı. Trend:
Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Əsasnaməsi
təsdiq edilib.
Trend-in
məlumatına görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq
qərar imzalayıb.
Sənədə əsasən, bu Əsasnamə Xüsusi İcra Məmurlarının Müsabiqə
Komissiyasının (bundan sonra – Komissiya) səlahiyyətlərini və
fəaliyyət qaydasını müəyyən edir.
Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını,
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər
tutur.
Komissiya öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq,
qərəzsizlik və obyektivlik prinsipləri əsasında qurur.
Komissiyanın üzərində adı həkk olunmuş blankı vardır.
Komissiya ictimai əsaslarla fəaliyyət göstərir.
Komissiyanın aşağıdakı səlahiyyətləri vardır:
- xüsusi icra məmuru vəzifəsi üçün müsabiqəni elan etmək,
müraciətlərin qəbulunu və onlara baxılmasını həyata keçirmək; - xüsusi icra məmuru olmaq istəyən namizədlərin bilik
səviyyəsinin yoxlanılması məqsədi ilə test imtahanları təşkil
etmək; - test imtahanında istifadə olunacaq suallar toplusununu və
cavabları tərtib etmək; - test imtahanın təşkilinə və keçirilməsinə məsul olan heyət,
onun tərkibini və vəzifələrini müəyyən etmək; - texniki səbəblərdən imtahanı davam etdirməsi mümkün olmayan
namizəd üçün yenidən imtahanın keçirilməsi vaxtını müəyyən
etmək; - test imtahanının keçirilməsi qaydalarını pozan namizədlərin
nəticələrini ləğv etmək; - test imtahanın nəticələrindən narazı qalan namizədlərin
müraciətlərinə baxmaq və nəticəsi barədə qərar qəbul etmək; - test imtahanlarında uğur qazanmış namizədlərlə müsahibə
keçirmək; - müsahibənin nəticələrinə dair qərar qəbul etmək.
Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:
- namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olduqda, yaxud
iclasda baxılan məsələ Komissiyanın üzvünün şəxsi maraqlarına
toxunduqda, habelə obyektivliyinə və qərəzliliyinə təsir göstərə
biləcək digər hallarda özü-özünə etiraz etmək; - Komissiyanın fəaliyyətinə və qərəzsizliyinə xələl gətirə
biləcək hərəkətlərə yol verməmək, obyektiv və ədalətli mövqe
nümayiş etdirmək, malik olduğu hüquqlardan vicdanla istifadə
etmək; - müsahibə mərhələsində namizədə verilən sualları müvafiq ballara
uyğun qiymətləndirmək; - Komissiyanın iclaslarında baxılan məsələlər üzrə səsvermədə
iştirak etmək; - Komissiyanın qərarlarını imzalamaq;
- Komissiyanın iclaslarını üzrsüz səbəblərdən buraxmamaq;
- Komissiyanın qərarlarının və digər sənədlərin icrası ilə bağlı
tədbirlər görmək; - Komissiyanın fəaliyyəti ilə bağlı konfidensiallığı
qorumaq; - Komissiyanın fəaliyyəti ilə əlaqədar digər vəzifələri yerinə
yetirmək.
Komissiya üzvlərinin hüquqları aşağıdakılardır:
- Komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak
etmək və təkliflər vermək; - Komissiyanın iclaslarının gündəliyi ilə və iclasda baxılması
nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olmaq; - Komissiya üzvləri ilə müzakirə edilən məsələlərlə bağlı fikir
mübadiləsi aparmaq; - Komissiyanın iclaslarının gündəliyi barədə, eləcə də
Komissiyanın səlahiyyətlərinə aid məsələlərə Komissiyanın
iclaslarında baxılması barədə təklif vermək; - Komissiyanın iclaslarında iştirak etmək, iclasın aparılmasına,
habelə qəbul olunması təklif edilən qərarlara dair fikirlər
bildirmək və suallar vermək; - Komissiyanın iclas protokolları və digər sənədləri ilə tanış
olmaq; - Komissiyanın qərarı ilə razı olmadıqda və ya həmin qərarla
bağlı xüsusi rəyi olduqda yazılı şəkildə rəy bildirmək; - qanunla nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Komissiya 9 (doqquz) üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
Komissiyanın 3 (üç) üzvü Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi (bundan sonra – Nazirlik), 3 (üç) üzvü Xüsusi İcra
Məmurlarının Palatası və 1 (bir) üzvü Notariat Palatası tərəfindən
təyin edilən nümayəndədən, 1 (bir) üzvü Məhkəmə-Hüquq Şurası
tərəfindən təyin edilmiş hakim və 1 (bir) üzvü Vəkillər Kollegiyası
tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə
formalaşdırılır.
Nazirlik, Xüsusi İcra Məmurlarının Palatası və Notariat Palatası
öz nümayəndələrini ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə
5 (beş) ildən artıq iş stajına malik olan şəxslər sırasından,
Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyası isə öz nümayəndəsini 5
(beş) ildən artıq iş stajına malik olan hakimlər və vəkillər
sırasından təyin edirlər.
Həmin qurumlar tərəfindən həmçinin ehtiyat üzvlər müəyyən
olunur.
Komissiyanın fərdi tərkibi Nazirlik tərəfindən təsdiq
edilir.
Komissiyanın səlahiyyət müddəti 3 (üç) ildir. 3 (üç) ildən
sonra onun üzvlərinin azı üçdə bir hissəsinin aşağıdakı ardıcıllıq
və qayda ilə rotasiyası həyata keçirilir:
- Nazirlik və Xüsusi İcra Məmurlarının Palatası tərəfindən təyin
edilən üzvlərdən hər 3 (üç) ildən bir azı 1 (bir) üzv yenisi ilə
əvəz edilir. - Notariat Palatası, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyası
tərəfindən təyin edilən üzvlər arasından Komissiyanın müəyyən
etdiyi ardıcıllıqla hər 3 (üç) ildən bir azı 1 (bir) üzv yenisi ilə
əvəz edilir.

