Azərbaycan və Tailand əməkdaşlığını gücləndirmək üçün gələcək addımları müzakirə ediblər

Baş səhifə

Bakı. Trend:

28 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Tailand Parlamentinin nəzdində
fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunun Baş katibi İssara
Sereevatthanavutu qəbul edib.

Trend xəbər verir ki, bu
barədə XİN məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Tailand arasında dostluq və əməkdaşlıq
münasibətlərinin genişləndirilməsi, o cümlədən parlament
diplomatiyası, beyin mərkəzləri arasında əlaqələr və regional
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının beynəlxalq
platformalarda fəal roluna diqqət çəkərək, ölkəmizin Qoşulmama
Hərəkatına, COP29-a və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirəyə (CICA) sədrliyi, irəli sürülən
təşəbbüslərin qlobal əməkdaşlığa verdiyi töhfə barədə məlumat
verib. Növbəti il ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu
(WUF13), BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial
Komissiyası (UNESCAP) və CICA sammitləri barədə məlumat verərək bu
tədbirlərin regiondaxili və beynəlxalq dialoqa əlavə dəyər
qatacağını bildirib.

Görüşdə həmçinin Kral İnstitutunun Azərbaycan beyin mərkəzləri
ilə təmasları və bu çərçivədə aparılan əməkdaşlıq perspektivləri,
eləcə də iki ölkə arasında Xarici İşlər Nazirlikləri arasında
qarşıdan gələn məsləhətləşmələrin təşkili məsələləri müzakirə
olunub.

Tərəflər Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər
Təşkilatının fəaliyyəti, həmçinin Azərbaycan Milli Məclisinin ASEAN
Parlamentlərarası Assambleyasında müşahidəçi statusu çərçivəsində
qarşılıqlı parlament əməkdaşlığının genişlənməsinin əhəmiyyətini
qeyd ediblər.

Eyni zamanda, Azərbaycan tərəfindən həyata keçirilən təqaüd
proqramları, təhsil mübadiləsi imkanları, turizm sahəsində
əməkdaşlıq və qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkili
məsələləri görüşün diqqət mərkəzində olub.

Görüşdə həmçinin qarşılıqll maraq doğuran digər ikitərəfli və
çoxtərəfli məsələlər nəzərdən keçirilib.