
Bakı.Trend:
Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir
Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İran İslam
Respublikası Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri ilə
görüşüb.
Trend xəbər
verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən Astara
Terminalının inkişafı, Azərbaycan, Rusiya və İran arasında
üçtərəfli münasibətlərin genişləndirilməsi müzakirə edilib.
Qeyd olunub ki, Şimal-Cənub dəhlizi üzrə görülən işlər bu
strateji marşrutun mühüm halqalarından olan Azərbaycanın ticarət
axınlarını birləşdirən strateji arteriya kimi mövqeyini
gücləndirir.
ADY sədri bildirib ki, Şimal-Cənub dəhlizinin Azərbaycandan
keçən hissəsinin mühüm seqmenti olan Sumqayıt–Yalama dəmir yolu
xəttinin yenidən qurulması ilin sonunadək başa çatdırılacaq.
Həmçinin ADY tərəfindən İran ərazisində Astara Terminalının
tikintisi 2026-cı ilin 1-ci rübündə tamamlanması
planlaşdırılır.
Astara Terminalının layihələndirmə işlərinin 94%-i,
tikinti-quraşdırma işlərinin isə təqribən 82%-i yekunlaşıb. Gələn
il tam gücü ilə işə düşəcək terminal Şimal-Cənub nəqliyyat
bağlantısı üzrə yük həcminin artırılmasını və əməliyyatların
operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

