
Bakı. Trend:
Təhsildə ingilis dili ilə bağlı miqyas problemimiz yoxdur.
Keyfiyyətlə bağlı müəyyən problemlər olsa da, lakin hesab edirik
ki, gələcək dövrlərdə bu yöndə tədbirlərimizi daha da
gücləndirəcəyik.
Trend xəbər
verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu
gün bp və tərəfdaşlarının “Məktəblilər üçün yeni rəqəmsal ingilis
dili öyrənmə mənbəyi” layihəsinin təqdimatında çıxışı zamanı
deyib.
O bildirib ki, son iki ildə Elm və Təhsil Nazirliyi təxminən 10
400 xarici dil müəlliminin sertifikatlaşdırılmasını həyata keçirib: “Sevindirici haldır ki, bu müəllimlərin 86%-i çox böyük uğurla bu
imtahanlardan keçiblər. Təqribən 40% müəllimin əməkhaqqısı 35%
artıb, 45% müəllimin əməkhaqqısı isə 10% əlavə köçürülüb”.
Nazir müavininin sözlərinə görə, bu gün Azərbaycanda 22 mindən
çox tələbə İngilis dilində tədris olunan ixtisaslarda təhsil
alır:
“Təkcə bu ixtisaslara bu il 10 min tələbə qəbul olub. Bu çox
sevindiricidir. Çünki əgər ali təhsil müəssisələrində 240-250 min
tələbə təhsil alırsa, onun 15-20%-i növbəti 4 ili İngilis dilli
ixtisaslar üzrə məzun olacaqlar”.
“Son 3 ildə biz hər il 500 ən işıqlı gəncimizi dünyanın ən
nüfuzlu universitetlərinə göndəririk. 3 il ard-arda hər il həmin
gənclərdən 150-si məhz dünyanın TOP-10 universitetlərinə qəbul
olur”, – deyə K. Kərimzadə vurğulayıb.

