
Bakı.Trend:
Bu gündən 2 qadın avtobus sürücüsü vəzifələrinin icrasına
başlayıb. Onlar 140 və 141 E avtobuslarında çalışacaqlar.
Trend xəbər
verir ki, ictimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq
məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
yeni təlim proqramı həyata keçirilib.
Proqram çərçivəsində xanım namizədlər avtobus sürücüsü kimi
peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən
hazırlıq keçiblər.
Təlimlər sürücülük bacarıqları ilə yanaşı, etik davranış,
ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edib.
Təlim müddətində iştirakçılar baxış texnikası, manevretmə,
dayanma və durma qaydaları üzrə praktiki məşğələlərə cəlb
olunublar. Təlimlərin əsas hissəsini mürəkkəb yol şəraitində
idarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə
trayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsinin
qorunması təşkil edib. Eyni zamanda, sürücülər müxtəlif yol
şəraitində qəza risklərinin minimuma endirilməsi ilə bağlı vacib
bacarıqlar qazanıblar.
İştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst
idarəetmə sınaqlarından da keçiblər.
Xanım namizədlər “BakuBus” MMC-də sürücü kimi fəaliyyətə
başlamaq üçün müraciət ediblər. Müraciətlər daxil olduqdan sonra
namizədlər işə qəbul prosesi çərçivəsində tibbi müayinədən,
psixoloji qiymətləndirmədən və təhlükəsizlik üzrə uyğunluq
yoxlamasından keçiblər. Bütün mərhələlərı uğurla tamamladıqdan
sonra onlar “BakuBus” MMC-də sürücü kimi rəsmi şəkildə işə qəbul
olunublar.
İşə qəbul mərhələsində xanımlar üçün “Ehtiyatlı idarəetmə və
təhlükəsiz sürücülük” təlimi də təşkil edilib. Təlim zamanı
sürücülərə sükan arxasında yarana biləcək faktiki və potensial
təhlükə situasiyalarına düzgün reaksiya, fövqəladə manevr
bacarıqları və təhlükəsiz hərəkət prinsipləri öyrədilib.
Noyabrın 24-dən isə xanım sürücülər rəsmi şəkildə fəaliyyətə
başlayırlar. İlk müddətdə onların fəaliyyətinə təcrübəli
mentor-sürücülər tərəfindən dəstək göstərilir.

