Bakı. Trend:
İtaliyanın müdafiə naziri Quido Krosetto, ABŞ Prezidenti Donald
Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə irəli
sürdüyü 28 maddəlik sülh planını qiymətləndirib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, nazir sosial şəbəkədəki
açıqlamasında planın Ukrayna üçün “çox ağır olduğunu və qəbul
edilməsi mümkün olmayan bəndlər” daşıdığını bildirib.
Krosetto həm Rusiya, həm də Ukraynanın bu sənədi müzakirə
etdiyini qeyd edərək, ağır şərtlərə baxmayaraq, planı “ümumi
müzakirələr üçün başlanğıc nöqtəsi” kimi qiymətləndirdiyini
vurğulayıb.
Onun sözlərinə görə, əsas məqsəd müharibənin daha geniş
coğrafiyaya yayılmasının qarşısını almaq və Ukrayna üçün təhlükəsiz
gələcək təmin edəcək razılaşmaya nail olmaqdır.
Krosetto, hər gün minlərlə ukraynalı və rus hərbçinin həyatını
itirdiyini xatırladaraq, mövcud planın “qüsurlu olsa belə,
danışıqlar üçün bir imkan yaratdığını” qeyd edib.
G20 Liderlər Sammitində çıxış edən İtaliya Baş naziri Ciorcia
Meloni də Roma hökumətinin ədalətli sülh üçün Avropa və ABŞ-dən
olan tərəfdaşları ilə əməkdaşlığa hazır olduğunu bildirib.

