“Google” və “SpaceX” data mərkəzlərin kosmosa köçürülməsi ilə bağlı danışıqlara başlayıb

Baş səhifə

Bakı.Trend:

“Google” şirkəti raket buraxılışları və orbital məlumat emalı
mərkəzlərinin (data-mərkəzlərini) kosmosa daşınması ilə bağlı
müqavilə üzrə “SpaceX” şirkəti ilə danışıqlar aparır.

Trend xəbər verir
ki, bu barədə “The Wall Street Journal” (WSJ) öz mənbələrinə
istinadən yazır.

Hələlik reallaşdırılmamış bu texnologiya “SpaceX”in yayda
planlaşdırılan birja çıxışı ərəfəsində investorlara təqdim etdiyi
təklifin əsasını təşkil edib. Şirkətin rəhbəri İlon Musk bunu
şirkət üçün “yeni sərhəd” adlandırıb.




“Google” isə ötən il “Project Suncatcher” layihəsi çərçivəsində
2027-ci ilə qədər peyk prototiplərini orbitə çıxarmağı
planlaşdırdığını açıqlamışdı. “Biz peyklərdə kiçik hesablama
modullarını orbitə göndərəcək, onları sınaqdan keçirəcək və daha
sonra miqyaslandırmaya başlayacağıq”,-deyə şirkətin baş icraçı
direktoru Sundar Piçay bildirmişdi:

WSJ-nin mənbələrindən birinin sözlərinə görə, “Google” raket
buraxılışları ilə məşğul olan digər şirkətlərlə də mümkün
müqavilələri müzakirə edir.

Sənaye nümayəndələrinin bir çoxu orbital hesablama
texnologiyalarını böyük ərazi və yüksək enerji sərfi tələb edən
yerüstü məlumat emalı mərkəzlərinin problemlərinin həlli kimi
qiymətləndirir. Orbital məlumat emalı mərkəzlərinin günəş panelləri
ilə enerji təminatı nəzərdə tutulur ki, bu da Yer üzərindəki
infrastruktur üçün xarakterik enerji məhdudiyyətlərini aradan
qaldırır.