ABŞ tarixində ən uzun şatdaun başa çatıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp hökumətin müvəqqəti
maliyyələşdirilməsinə dair qanunu imzalayaraq ölkə tarixində ən
uzunmüddətli şatdauna son qoyub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, konqresin hər iki
palatası tərəfindən təsdiqlənən sənəd 2026-cı il yanvarın 30-dək
maliyyələşməni təmin edir və 43 günlük fasilədən sonra federal
qurumların fəaliyyətinin dərhal bərpasına imkan yaradır.




Rekord göstəriciyə çevrilən bu şatdaun respublikaçılarla
demokratlar arasında yaranan qarşıdurma nəticəsində baş verib.
Demokratlar 2025-ci ilin sonunda qüvvədən düşəcək “Əlçatan səhiyyə
haqqında qanun” üzrə subsidiyaların uzadılmadığı büdcə layihəsini
qəbul etməkdən imtina edirdilər. Çıxış yolu yalnız bir qrup mülayim
demokrat və bir müstəqil senatorun büdcə layihəsinə səs verməyə
razılaşmasından sonra tapılıb.