
Bakı. Trend:
Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm
addımlardan biri təbii ki, işğaldan azad edilmiş ərazilərimiz üzrə
şəhər günlərinin təsis edilməsidir. Dövlət başçısı İlham Əliyevin
31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 8 noyabr Şuşa Şəhəri
Günüdür. 2020-ci il noyabrın 8-də qüdrətli Azərbaycan Ordusu Şuşa
şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və
zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin
dərələrdən keçərək düşməni Qarabağın döyünən ürəyi olan Şuşadan
qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun
təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin
Sərəncamı ilə əbədiləşdirildi. Belə ki, Şuşa şəhərinin işğaldan
azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i
Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə Müzəffər Ali
Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı
ucaltdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən
müharibəsinin ilk günlərindən bildirirdi ki, Şuşasız bizim işimiz
yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli
ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal
kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Qarabağ
Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin
memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu
Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz
adını Azərbaycan tarixinə qüdrətli Sərkərdə, Müzəffər Ali Baş
Komandan kimi əbədi yazdırdı.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident, Müzəffər Ali
Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından
Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə
Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Müraciətində
bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etdiyini,
bunun ona güc verdiyini vurğulayan dövlətimizin başçısı bildirdi
ki, bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək
düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə-belə yumruq
deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını
əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir.
Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə
olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün
vəzifələri icra etmək üçün imkan yaradacaq.
Bu gün böyük qürurla və əminliklə qeyd edirik ki, Şuşa azaddır!
Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında
qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi
qalacaq, əbədi yaşayacaq. 8 noyabr şanlı Qələbəmizin, Zəfərimizin
günüdür.
Vüqar Rəhimzadə vurğulayıb ki, biz uzun illər davam edən
ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya
yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim Şuşa artıq
böyük quruculuq, tikinti və təmir-bərpa işlərinin, möhtəşəm
beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Düşmən tapdağından azad
edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən beş ildə Şuşa
şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub.
Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin
qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun
salınmasıdır. Prezident İlham Əliyev 101 kilometr uzunluğu olan bu
yolu “Zəfər yolu” adlandırdı. Azərbaycan Respublikasının Nazirlər
Kabineti 2024-cü ilin 21 oktyabr tarixində “Şuşa şəhərinin 2040-cı
ilədək inkişafına dair Baş planı”nı təsdiq etdi. Şəhərin konseptual
sxemi hazırlanarkən yerləşdiyi coğrafiyanın təbii xüsusiyyətləri,
tarixi-mədəni strukturu və gələcək yönümlü həllər əsas rol
oynayıb.
Millət vəkili bildirib ki, Şuşa şəhəri tarixən Azərbaycanın
mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub.
Lakin keçmiş işğal illərində düşmən Şuşadakı bir sıra
tarixi-mədəniyyət abidələrini talan edib, şəhərin memarlığına və
milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın
işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun
qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına
başlanılıb. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə
aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr
bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün
Şuşadakı güllələnmiş büstləri yenidən əvvəlki yerlərinə qoyulub.
“Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan
sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə
başlayıb. Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi
Kompleksi fəaliyyətə başlayıb, Şuşada yaşayış kompleksləri, turizm
obyektləri tikilir. Bərpa işlərinin sürəti deməyə əsas verir ki,
çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl
şəhərlərindən biri olacaq.
Vüqar Rəhimzadə Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı
Sərəncam əsasında Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı
elan edilməsindən, həmin il “Azərbaycanın mədəniyyət paytaxtı –
Şuşa şəhəri haqqında” Qanunun qəbulundan, 2022-ci ilin ölkəmizdə
“Şuşa ili” elan edilməsindən geniş bəhs edib. Onu da vurğulayıb ki,
2022-ci ildə Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət
Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri
2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, 2023-cü ilin
sentyabrında Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən
İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında 2024-cü il
üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi. 2023-cü
ilin oktyabrında isə İran İslam Respublikasının Ərdəbil şəhərində
keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm
nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi
Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan olundu.
Milli Məclisin deputatı qeyd edib ki, Şuşa azadlığına qovuşandan
sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə,
infrastrukturun bərpasına start verildi və həmin vaxtdan etibarən
burada mühüm sosial obyektlərin açılışı həyata keçirilir. Bu
layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni
abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda
illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin
bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan
torpaqlarımız, o cümlədən Şuşa hazırda mənəvi cəhətdən də dirçəlir.
Şuşa bu gün iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi
dünyanın diqqətindədir. Qarabağın tacı, eyni zamanda, 30 illik
işğaldan sonra dünya azərbaycanlılarını bu əsrarəngiz məkanda bir
araya gətirərək birliyimizi, həmrəyliyimizi bir daha dünyaya
çatdırdı. Şuşanın hər günü mühüm, əhəmiyyətli hadisələrlə
zəngindir. Hər daşı, qayası bir tarix olan bu qədim şəhərin
çal-çağırlı günləri hər birimizi sevindirir, qürurlandırır. Şuşa
şəhəri də sakinlərinə qovuşan şəhərlərimiz sırasındadır. Son beş
ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
dəfələrlə Şuşa şəhərinə səfər edib, orada həyata keçirilən təmir,
bərpa və yenidənqurma işləri ilə tanış olublar.
Vüqar Rəhimzadə qeyd edib ki, Şuşa artıq beş ildir ki, azaddır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
tarix yazmaqda davam edən rəşadətli ordumuzun 2023-cü ilin
sentyabrında həyata keçirdiyi bir günlük antiteror tədbirləri
nəticəsində suverenliyimiz tam bərpa edildi. Tariximizə yazılan
Zəfər səhifələri təkcə bizim üçün yox, gələcək nəsillər üçün də
qürur mənbəyi olacaq.

