İaşə obyektlərində mənşəyi məlum olmayan ət məhsulları tapılıb – AQTA

Baş səhifə

Bakı. Trend:

Son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
tərəfindən aparılan nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə
müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə
də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət
məhsullarının istifadəsi faktları aşkarlanıb.

Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, qida təhlükəsizliyi tələblərinə görə, eyni
zamanda dünyada yayılan yoluxucu heyvan xəstəliklərini nəzərə
alaraq, mənşə və keyfiyyəti təsdiqlənməyən heyvan mənşəli
məhsulların istehlaka təqdim edilməsi qanunvericiliklə qadağandır
və bu hallar insan sağlamlığı üçün ciddi təhlükə yaradır:




“Bununla bağlı AQTA tərəfindən ictimai iaşə müəssisələrinə
bildiriş məktubları ünvanlanıb və məsul şəxslərə yalnız mənşəyi və
keyfiyyəti sənədlərlə təsdiqlənmiş ət məhsullarından istifadə
etmələri bir daha xatırladılıb.

Hazırda Agentlik respublika üzrə ictimai iaşə obyektlərində və
şadlıq saraylarında nəzarət tədbirlərini gücləndirib.
Qanunvericiliyin tələblərinə əməl etməyən müəssisələr barəsində
inzibati tədbirlər görülür.
Eyni zamanda, Agentlik istehlakçıları heyvan mənşəli ət məhsulları
alarkən və ya ictimai iaşə müəssisələrində istehlak edərkən,
müvafiq baytarlıq sənədlərinin mövcudluğunu tələb etməyə
çağırır”.