
Bakı.Trend:
Son illərdə Azərbaycanın siyasi həyatında milli maraqlara zidd
fəaliyyət göstərən, xarici təsirlərə açıq olan qüvvələrin rolu
getdikcə azalır. Xüsusilə, AXCP, Müsavat Partiyası və ümumilikdə
“5-ci kolon” adlandırılan dairələrin cəmiyyətdə siyasi nüfuzu və
təsir imkanları əhəmiyyətli dərəcədə zəifləyib. Azərbaycan
ictimaiyyəti artıq xarici mərkəzlərin təsiri altında olan, milli
maraqlardan uzaq siyasi qüvvələri rədd edir və ölkənin gələcəyini
real inkişaf və milli həmrəylik üzərində qurmağa üstünlük
verir.
Mövzuyla bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Fazil
Mustafa bildirib ki, ölkə daxilində təxribat yaratmaq istəyən bütün
qüvvələrə qarşı qətiyyətli addımlar atılmalıdır.
“Təbii ki, konkret adlar çəkmək üçün əvvəlcə əsaslı və hüquqi
dəlillər olmalıdır. Bu istiqamətdə isə hüquq-mühafizə orqanları
ciddi işləməli, hər bir iddia araşdırılmalıdır.
Əgər hər hansı xarici ölkənin Azərbaycanda qarşıdurma yaratmaq
və sabitliyi pozmaq kimi məqsədləri varsa, onlara xidmət edən bütün
daxili və xarici qüvvələrə qarşı da aydın və sərt mövqe ortaya
qoyulmalıdır. Əks halda, müstəqilliyimizin və təhlükəsizliyimizin
qorunmasında ciddi çətinliklər yaşana bilər”,-deyə deputat qeyd
edib.
F.Mustafa əlavə edib ki, bu qədər böyük bir zəfər əldə
etməyimizə baxmayaraq, – xüsusilə də bəzi xidmət orqanlarının
təsiri ilə ölkədə təxribat yaratmağa çalışan qüvvələrin fəallığı
artmaqdadır:
“Bunlara Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) mənsub
trollar və konkret şəxslər, eləcə də dini cəhalət üzərindən
cəmiyyətə təsir göstərməyə çalışan qruplar daxildir. Bu hallar
cəmiyyət üçün narahatedici təhlükə yaradır.
Bu səbəbdən də ciddi araşdırmalar aparılmalı və prosesin
təhlükəli məcraya yönəlməsinə imkan verilməməlidir”.
Deputat əlavə edib ki, dövlət təhlükəsizliyi bu gün ölkənin ən
prioritet məsələlərindən biridir və bu təhlükəsizliyi pozan bütün
elementlərə qarşı ən sərt və qanuni tədbirlər görülməlidir.
Deputat Ceyhun Məmmədov Trend-ə açıqlamasında bildirib ki, özünü müxalifət
adlandıran bəzi qrupların dövlətin gördüyü işlərə həmişə müxalif
mövqedən yanaşmaları müşahidə edilir.
“Onlar üçün dövlətin maraqları və hədəfləri bəzən önəmli
görünmür. Ancaq müxalifətçilik dövlətçiliyə qarşı olmaq demək
deyil. Dünyanın hər yerində müxalifət var və onlar dövlətçilik
məsələlərində dövlətin yanında olurlar. Bizim müxalifətimiz də
dövlətçiliyi dəstəkləməli, dövlətin maraqlarına qarşı
çıxmamalıdır”.
C.Məmmədov qeyd edib ki, AXCP və Müsavat bu prinsipləri nəzərə
almalı, dövlət maraqlarına qarşı çıxış etməməlidirlər.
“Əgər bəzi partiyalar dövlət siyasətinə, dövlətin uğurlarına
qarşı çıxırlarsa, bu, onların siyasi fəaliyyətini nəzərdən
keçirmələrini tələb edir”.
Deputat əlavə edib ki, müxalifət qrupları dövlətin,
dövlətçiliyin və dövlət məsələlərinin yanında olmalı, bu prosesi
dəstəkləməlidirlər.


