
Bakı. Trend:
Avropa İttifaqında (Aİ) təbii qazın qiyməti bu ilin birinci
yarısında 8,1 faiz azalıb.
Trend Aİ-nin
Statistika İdarəsinin (Eurostat) məlumatına əsasən xəbər verir ki,
100 kVt-saat qazın qiyməti ilk altı ayda 12,44 avrodan 11,43 avroya
düşüb.
Qazın yekun qiymətində vergilərin və rüsumların payı 2024-cü
ilin ikinci yarısında 30 faizdən bu ilin birinci yarısında 31,1
faizə qalxıb. Bu, əvvəlki dövrlərdə tətbiq olunan vergi endirimləri
və subsidiya mexanizmlərinin tədricən azaldığını göstərir.
Aİ məkanında təbii qazın ən yüksək qiyməti (100 kVt-saat üçün
21,30 avro) İsveçdə qeydə alınıb. Sonrakı yerlərdə Niderland (16,17
avro) və Danimarka (13,06 avro) gəlir. Ən aşağı qiymətlər isə
Macarıstanda (3,07 avro), Xorvatiyada (4,61 avro) və Rumıniyada
(5,59 avro) müşahidə olunub.
Ötən ilin birinci yarısı ilə müqayisədə milli valyutada ən böyük
qiymət artımı Estoniyada (+23,9 faiz), Bolqarıstanda (+23,6 faiz)
və İsveçdə (+20,9 faiz), ən çox ucuzlaşma isə Sloveniyada (-12,7
faiz), Avstriyada (-11,5 faiz) və Çexiyada (-10,9 faiz) qeydə
alınıb.

