
Bakı. Trend:
28 oktyabr 2025-ci il tarixində Azərbaycan Fintex
Assosiasiyasının (AzFina) Ümumi Yığıncağında, Mərkəzi Bankın
nümayəndələrinin iştirakı ilə keçirilən şəffaf və anonim seçki
prosesi nəticəsində Azərbaycanın ilk lisenziyalı elektron pul
təşkilatı olan United Payment MMC-nin Baş İcraçı Direktoru
Edqar Abdullayev Azərbaycan Fintex
Assosiasiyasının (AzFina) İdarə Heyətinin Sədri seçildi.
Edqar Abdullayev maliyyə texnologiyaları sahəsində 18 ildən çox
peşəkar və strateji liderlik təcrübəsinə malikdir. O, 10 il
telekommunikasiya və innovasiya sahəsində, ardınca isə 8 ildən
artıq müddətdə bank və fintex sektorunda strateji transformasiya
layihələrinə rəhbərlik edərək, ölkənin rəqəmsal inkişafında mühüm
rol oynamışdır. Hazırda rəhbərlik etdiyi United Payment MMC,
2021-ci ildən təsis edilmiş və ölkədə açıq bankçılıq, elektron pul,
ödəniş aqreqasiyası, beynəlxalq rəqəmsal ödənişlər və lisenziyalı
fintex xidmətlərinin inkişafında öncül rol oynayır.
Yeni rəhbərlik dövründə AzFina aşağıdakı strateji hədəflərə
fokuslanmağı planlaşdırır:
- Fintex şirkətləri ilə requlyatorlar (Mərkəzi Bank və digər
nəzarət orqanları) arasında daha şəffaf və səmərəli əməkdaşlıq
mühiti qurmaq; - Assosiasiyanın beynəlxalq nüfuzunu artırmaq və qlobal
layihələrdə yerli fintex-lərin iştirakını təmin etmək; - Üzv bazasını genişləndirərək ölkədə rəqəmsal ödəniş
xidmətlərinin koordinasiyalı inkişafına təkan vermək; - Kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün sərfəli və
innovativ fintex həllərini təşviq etmək; - İstehlakçılar üçün təhlükəsiz, innovativ və regulyator
tələblərə uyğun məhsul və xidmətlərin təqdim olunmasına dəstək
vermək.
Bu təyinatla bağlı danışan Edqar Abdullayev bildirib:
“Ölkəmizin maliyyə ekosistemində kifayət qədər vacib rol
oynayan lisenziyalı Fintex təşkilatlarının etimadını doğrultmaq
istiqamətində var gücümüzlə çalışacaq və bütün resurslarımızı
səfərbər edəcəyik. Qarşıdakı dövrdə həm yerli bazarda, həm də
beynəlxalq platformalarda daha çevik, şəffaf, dayanıqlı və
innovativ fintex ekosistemi qurmaq əsas prioritetimiz
olacaq.”
Assosiasiyanın üzv təşkilatlarının iştirakı ilə keçirilən
səsvermə nəticəsində İdarə Heyətinin sədri Edqar Abdullayev (UNITED
PAYMENT AZERBAIJAN) ilə yanaşı, sədrin müavini olaraq Eynar
Abdullayev (GoldenPay OJSC) seçilmişdir.
İdarə Heyətinin üzvlüyünə Zeynal Kərimzadə (Epoint.az), İqbal Rüstəmov
(PashaPay) və Rasim Həmmədov (Expresspay) təyin edilmişdir.
Həmçinin Nəzarət-təftiş komissiyasının üzvləri isə Mehriban
Əlizadə (PulPal – onlayn ödəniş sistemi), Valeriya Qəniyeva (Max
Systems LLC) və Murad Mirzə (akart.az) olmuşdur.
Qeyd edək ki, Azərbaycan Fintex Assosiasiyası hazırda ölkədə
Mərkəzi Bankla birgə açıq bankçılıq platformasının genişlənməsi,
rəqəsmal ödəniş alətlərinin inkişaf etdirilməsi ilə ödəniş
xidmətlərinin rəqəmsallaşması, maliyyə inklyuzivliyinin artırılması
və elektron pul tənzimləmələri çərçivəsində aparıcı sektor
platformasına çevrilməkdədir.

