Diri heyvan satışı bazarlarında aparılan dezinfeksiya işləri heyvanlar arasında xəstəliklərin yayılmasını qarşısını alır – AXA

Baş səhifə

Bakı.Trend:

Heyvan sağlamlığının qorunması və xüsusi təhlükəli xəstəliklərin
yayılmasının qarşısının alınması məqsədilə bölgələrdə fəaliyyət
göstərən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələri diri
heyvanların satıldığı bazarlarda mütəmadi olaraq dezinfeksiya
işləri həyata keçirir.

Trend xəbər
verir ki, bu barədə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı
və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Yusif İbrahimov
açıqlamasında deyib.

O bildirib ki, görülən tədbirlər çərçivəsində bazarların
giriş-çıxış yerlərində dezinfeksiya baryerləri quraşdırılıb:




“Baryerlər vasitəsilə heyvan və insanların hərəkəti nəzarətdə
saxlanılır, bu isə xəstəliklərin yayılma riskini minimuma endirir.
Dezinfeksiya üçün “Acidex” və “Formalin” məhlulundan istifadə
olunur ki, bu da virusların, o cümlədən digər xəstəlik
törədicilərinin effektiv məhv edilməsini təmin edir”.

Yusif İbrahimov bildirib ki, bazarlarda satılan hər bir diri
heyvana baytar həkimlər tərəfindən təftiş və sağlamlıq baxışı
keçirilir: “Heyvanlarda xəstəlik əlamətləri aşkar edildiyi halda,
onlar satışa çıxarılmır və müvafiq tədbirlər görülür. Bu tədbirlər
sayəsində bazarlarda sağlam və təhlükəsiz heyvanların satışı təmin
edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata
keçirdiyimiz bu tədbirlər sayəsində xüsusi təhlükəli xəstəliklərin
bazarlarda yayılmasının qarşısı alınır, heyvan sağlamlığı qorunur,
təsərrüfat sahibləri və alıcılar üçün təhlükəsiz şərait yaradılır.
Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi olaraq, biz
heyvan sağlamlığının müdafiəsi və xəstəliklərin qarşısının alınması
istiqamətində işimizi davam etdiririk və əhalini məsuliyyətli
olmağa, heyvanlarda hər hansı xəstəlik əlaməti müşahidə edilərsə,
dərhal baytar mütəxəssislərə müraciət etməyə çağırırıq”.