Peruda etiraz aksiyasında bir nümayişçi həlak olub

Baş səhifə

Bakı. Trend:

Perunun paytaxtı Limada Konqres binası qarşısında keçirilən
kütləvi etiraz aksiyası zamanı bir nümayişçi güllə yarasından
həyatını itirib.

Trend “Reuters”ə
istinadən xəbər verir ki, insident nümayişçilərin polis
əməkdaşlarına atəşfəşanlıq, daş və yanan əşyalar ataraq hücum
etməsindən sonra baş verib.

Məlumata görə, 89 asayiş keşikçisi yaralanıb. Hadisə zamanı Luis
Maqalyanes adlı polis əməkdaşı təsadüfən atəş açaraq 32 yaşlı yerli
sakinin ölümünə səbəb olub. Peru İnsan Hüquqları üzrə Ombudsman
Aparatı hadisənin hərtərəfli araşdırılacağını bildirib. Güllə atan
zabit vəzifəsindən uzaqlaşdırılıb və müalicə üçün xəstəxanaya
yerləşdirilib.




Perunun yeni prezidenti Xose Xeri sosial şəbəkələrdə mərhumun
ölümünə təəssüf etdiyini, lakin baş verən zorakılığın xaos yaratmaq
istəyən təxribatçıların əməlləri ilə bağlı olduğunu bəyan edib.

Qeyd edək ki, ölkə üzrə minlərlə insanın qatıldığı etirazlar
birbaşa prezident Xose Xeriyə qarşı yönəlib. O, Dina Boluartenin
impiçmentindən sonra, oktyabrın 9-dan 10-na keçən gecə hakimiyyətə
gəlib.

Xose Xeri 2026-cı ilin iyuluna qədər prezident vəzifəsini icra
edəcək və həmin dövrdə Peruda yeni prezident seçkiləri
keçiriləcək.