
Bakı. Trend:
Azad edilmiş ərazilərdə sənaye miqyaslı günəş və külək elektrik
enerjisi stansiyalarının potensialının çox olduğu yerlər var.
Trend xəbər
verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji
Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 30-cu
Yubiley Xəzər İnşaat Həftəsində bildirib.
Onun sözlərinə görə, günəş enerjisi ilə bağlı Cəbrayıl və
Zəngilan, külək enerjisi üzrə isə Laçın və Kəlbəcərdə ciddi
potensial mövcuddur: “Bu istiqamətdə müvafiq işlər gedir.
Ümumilikdə, sözügedən zonalarda elektrik enerjisi stansiyalarının
yaxın zamanlarda istismara veriləcəyinin şahidi olacağıq. Artıq
stansiyaların bir qisminin təməli qoyulub, bir qismində ölçmələr
gedir, bir hissəsində isə bütün müqavilə bazası hazırdır.
Bütün bu proseslər müvafiq infrastruktur olmadan mümkün
deyil”.
“Cəbrayılda “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları
(SES), eyni zamanda digər kiçik su elektrik stansiyalarının (KSES)
qoyuluş gücünün təxminən 500 meqavatın üzərində olması gözlənilir”,
– deyə C. Abdullayev vurğulayıb.

