Azərbaycanda ilk özəl sənaye məhəllələri yaradıla bilər

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda ilk özəl sənaye məhəllələri yaradıla bilər.

Belə ki, hazırda Bakı və Abşeron ərazisində özəl sənaye
məhəlləsinin yaradılması ilə bağlı təşəbbüslər var və bununla bağlı
müvafiq işlər görülür.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı
Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov 30-cu Yubiley
Xəzər İnşaat Həftəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib.




O qeyd edib ki, hazırda İqtisadi Zonaların İnkişafı Agentliyinin
idarəçiliyində olan Neftçala, Masallı, Sabirabad dövlət sənaye
məhəllələri özəlləşdirilə bilər:

“Bu istiqamətdə də müvafiq işlər görülür. Təşəbbüskarlar artıq
bu sənaye məhəllələrinin idarəçiliyini götürə bilərlər.
Özəl sənaye məhəllələrinin kordinasiyası İqtisadi Zonaların
İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək (rezident olmaq
istəyən sahibkarlar tərəfindən təqdim edilən biznes planların
təhlili və s. məsələlər), idarəçilik isə təşəbbüskar tərəfindən
həyata keçiriləcək”.

“Dövlət tərəfindən təklif edilən vergi və gömrük güzəştlərindən
isə investisiya təşviqi sənədi əldə etməklə faydalana biləcəklər”,
– deyə E. Kazımov vurğulayıb.