Səkkiz ayda Azərbaycan üç ölkədən 370 milyon dollarlıq neft alıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 369,4 milyon
ABŞ dolları dəyərində 762,2 min ton bitumlu süxurlardan alınmış xam
neft və xam neft məhsulları idxal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən
məhsulların Azərbaycana idxalında dəyər ifadəsində 371,5 milyon ABŞ
dolları və ya 2 dəfə, həcm baxımından isə 554,5 min ton və ya 1,7
dəfə azalma qeydə alınıb.

Dövr ərzində Azərbaycana xam neft məhsulları Qazaxıstan, Rusiya
və İraqdan idxal edilib. Belə ki, cari ilin ilk 8 ayında
Qazaxıstandan 38,2 milyon ABŞ dolları dəyərində 69,1 min ton,
Rusiyadan 331 milyon ABŞ dolları dəyərində 692,7 min ton, İraqdan
isə 162 min ABŞ dolları dəyərində 439 ton bitumlu süxurlardan
alınmış xam neft və xam neft məhsulları alınıb.




Hesabat dövründə Azərbaycandan əks istiqamətlərə isə sözügedən
neft məhsullarının ixracı qeydə alınmayıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 20
ölkəyə 8,396 milyard ABŞ dolları dəyərində 15,925 milyon ton
bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac
edilib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə
müqayisədə dəyər ifadəsində 1,912 milyard ABŞ dolları və ya 18,5%,
həcm ifadəsində isə 551,050 min ton və ya 3,3% azdır.