Naxçıvanın enerji sisteminin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib

Baş səhifə

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının “Yaşıl Enerji Zonası” kimi
inkişafına dair müzakirələr aparılıb.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər
verir.

Belə ki, energetika naziri Pərviz Şahbazovun və Azərbaycan
Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında
səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin birgə sədrliyi ilə
“Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün
Dövlət Proqramı”nın icrası çərçivəsində elektroenergetika
sisteminin inkişafına həsr olunmuş iclas keçirilib.




Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət
Agentliyi (BOEMDA), Enerji Məsələlərini Tənzimləmə Agentliyi
(EMTA), “Azərenerji” ASC, “Azərişıq” ASC, Naxçıvan Enerji MMC,
Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi, eləcə də
“Nobel Energy” şirkətinin nümayəndələrinin iştirakı ilə baş tutan
iclasda Naxçıvanın elektroenergetika sahəsində mövcud vəziyyət və
planlaşdırılan layihələr müzakirə olunub. Bu çərçivədə il ərzində
elektrik stansiyaları, yarımstansiyalar, elektrik verilişi xətləri,
habelə “Azərbaycan (Naxçıvan)-Türkiyə-Avropa Enerji Qovşağı” üzrə
həyata keçirilən tədbirlər nəzərdən keçirilib.

Görüşdə ötən il elektrik enerjisi istehsalının 48 faizini təşkil
edən bərpa olunan enerji mənbələri sahəsində layihələr, o cümlədən
50 MVt gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı fikir
mübadiləsi aparılıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında
“Yaşıl Enerji Zonası” Konsepsiyasının ilkin təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
Naxçıvanın “Yaşıl Enerji Zonası” elan edildiyi bir daha vurğulanıb.
Bildirilib ki, Konsepsiya regionun bərpa olunan enerji
potensialından maksimum istifadə etməklə enerji müstəqilliyinin və
dayanıqlı inkişafın təmin olunmasını, müasir şəbəkə
infrastrukturunun yaradılmasını, enerji ixrac imkanlarının
genişləndirilməsini və karbon emissiyalarının əhəmiyyətli dərəcədə
azaldılmasını hədəfləyir. Azərbaycanın “yaşıl enerji” siyasətinə,
qlobal trendlərə və Naxçıvanın sosial-iqtisadi inkişafına dair
2023-2027-ci illər üçün Dövlət Proqramına müvafiq olaraq
hazırlanmış Konsepsiyanın əsas istiqamətləri, hədəfləri və həyata
keçiriləcək tədbirlər barədə geniş məlumat verilib.

Həmçinin Naxçıvan Muxtar Respublikasından enerji ixracının
konseptual istiqamətlərinə dair təqdimat edilib. Müzakirələr zamanı
Naxçıvandan elektrik enerjisinin müxtəlif marşrutlar üzrə ixracının
bölgəni strateji enerji qovşağına çevirmə potensialı vurğulanıb.
İclasın yekununda bu iqtisadi rayonun enerji sisteminin inkişafı
istiqamətində növbəti addımlar müəyyənləşdirilib və müvafiq
tapşırıqlar verilib.