
Bakı. Trend:
BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən
Üçüncü Komitənin (“Sosial inkişaf”) iclasında Azərbaycanın
sosial-iqtisadi sahədə həyata keçirdiyi islahatlar və Dayanıqlı
İnkişaf Məqsədlərinə (DİM) doğru əldə etdiyi irəliləyişlər barədə
məlumat təqdim edilib.
Trend xəbər verir ki,
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi
Şəhriyar Haciyev iclasda çıxış edərək bu istiqamətdə görülən
işlərdən danışıb.
O bildirib ki, ölkədə əhalinin rifahının, sosial müdafiəsinin və
həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər
həyata keçirilir.
“Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”
sənədi müəyyən edilmiş hədəflər əsasında genişmiqyaslı tədbirləri
özündə ehtiva edir. Azərbaycan 2024-cü ildə təqdim etdiyi dördüncü
Könüllü Milli İcmal vasitəsilə 2021–2024-cü illər ərzində götürdüyü
öhdəliklərin icrası barədə ətraflı məlumat verib və 2030-cu ilədək
nəzərdə tutulan DİM-lərə doğru irəliləyişini nümayiş etdirib,” –
deyə diplomat qeyd edib.
Şəhriyar Haciyev vurğulayıb ki, son on il ərzində həyata
keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə minimum aylıq
əməkhaqqı 3,3 dəfə, minimum pensiya məbləği isə 2,4 dəfə artıb.
O həmçinin Azərbaycanın postmünaqişə dövründə bərpa və
yenidənqurma istiqamətində əldə etdiyi uğurlardan bəhs edib:
“Hökumət bu prosesdə mina təmizlənməsi, infrastrukturun bərpası,
iqtisadi və sosial inkişaf, eləcə də ekoloji davamlılıq kimi
prioritet istiqamətlərə xüsusi diqqət ayırır. Mina təhlükəsinin
aradan qaldırılması, maarifləndirmə və zərərçəkmişlərə dəstək kimi
sahələrdə təcili ehtiyacları nəzərə alaraq Azərbaycan 18-ci Milli
Dayanıqlı İnkişaf Məqsədini qəbul edib. Təəssüf ki, münaqişədən
sonrakı dövrdə Azərbaycanda mina qurbanlarının sayı 409 nəfərə
çatıb ki, bu da bu sahədə hesabatlılığın artırılmasını və adekvat
beynəlxalq yardımın göstərilməsini tələb edir,” – deyə o əlavə
edib.

