Kimlər qrip peyvəndi vurdurmamalıdır?

Baş səhifə

Bakı. Trend:

Əgər artıq özünüzdə qrip əlamətlərini hiss etmisinizsə (məsələn,
burun axması, boğaz ağrısı, temperatur və ya əzələ ağrıları), bu
halda peyvənd vurdurmaq məsləhət görülmür. Çünki peyvənd xəstəliyin
qarşısını almaq üçündür, artıq yoluxma baş verdikdə peyvənd
xəstəliyi sağaltmır və bədən lazımi immun cavabı verməyə bilər.

Trend
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, qrip peyvəndi 6 aydan yuxarı olan sağlam
insanlar üçün ümumiyyətlə tövsiyə olunur:




“Xüsusilə yaşlı şəxslər, xroniki xəstəliyi olanlar (astma,
şəkərli diabet, ürək-damar, böyrək və ağciyər xəstəlikləri kimi),
hamilə qadınlar, səhiyyə işçiləri, uşaqlarla və immun sistemi zəif
olanlarla sıx təmasda olan insanlar peyvənddən daha çox fayda
görür. Bəzi hallarda peyvəndə müvəqqəti və ya daimi əks göstərişlər
ola bilər. Əgər hal-hazırda orta və ya ağır dərəcədə xəstəlik
varsa, məsələn, yüksək hərarət və ya kəskin respirator infeksiya
müşahidə edilirsə, peyvənd xəstəlik tam sağalandan sonra
vurulmalıdır. Əvvəlki peyvəndə qarşı ciddi allergik reaksiya
(anafilaksiya) olmuş şəxslərə də peyvənd vurulmur. Yumurta
allergiyası olanlarda bəzi vaksin növlərinə xüsusi diqqət lazımdır,
amma bir çox yeni vaksinlər yumurtasız hazırlanır və bu halda
həkimlə məsləhətləşmək vacibdir. Altı aydan kiçik körpələrə qrip
peyvəndi vurulmur. İmmunitet sistemi zəif olan şəxslərə isə bəzi
canlı vaksin növləri uyğun olmaya bilər”.

Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qrip mövsümündən
əvvəl, payız aylarında peyvənd olunmaq ən məqsədəuyğundur:

“Peyvənddən sonra immunitetin yaranması təxminən iki həftə
çəkir. Buna görə də xəstəliyə yoluxmadan öncə vaxtında peyvənd
olunmaq vacibdir”.