Bakı 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

Baş səhifə

Bakı. Trend:

İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan qurumlar –
İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam
Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam
Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarətinin
Maliyyələşdirilməsi Korporasiyası (ITFC) – İİB Qrupunun Biznes
Forumu (THIQAH) ilə tərəfdaşlıq şəraitində 16–19 iyun 2026-cı ildə
Azərbaycan Respublikasının Bakı şəhərində, Bakı Konqres Mərkəzində
14-cü Özəl Sektor Forumu (PSF 2026) keçiriləcək.

Trend xəbər
verir ki, İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil
edilən Forum Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevin ali himayəsi altında, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi və İxracın və
İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) tərəfdaşlığı ilə
baş tutacaq.

“Dayanıqlı Rifah naminə Regional İnteqrasiya” devizi altında
keçiriləcək PSF 2026 davamlı iqtisadi artımın təşviqində, ticarət
və investisiya axınlarının genişləndirilməsində, eləcə də İİB-ə üzv
ölkələr arasında strateji tərəfdaşlıq imkanlarının
reallaşdırılmasında özəl sektorun həlledici rolunu gücləndirmək
məqsədi daşıyır. Regional dəyər zəncirinin və iqtisadi
dayanıqlılığın təmin edilməsinin getdikcə daha böyük əhəmiyyət kəsb
etdiyi bir dövrdə bu Forum əsas maraqlı tərəflər üçün yeni biznes
imkanlarının araşdırılması, təcrübə mübadiləsinin aparılması və üzv
dövlətlər arasında daha dərin iqtisadi inteqrasiyanın
formalaşdırılması baxımından mühüm strateji platforma rolunu
oynayacaq.

PSF 2026 transsərhəd investisiya və ticarət əlaqələrini təşviq
etməklə yanaşı, infrastruktur, energetika, texnologiya, səhiyyə və
maliyyə kimi strateji sahələrdə meydana çıxan yeni imkanları da
diqqət mərkəzində saxlayacaq.Forum çərçivəsində təşkil olunacaq ali
səviyyəli dialoqlar, B2B və B2G formatlı görüşlər, startapların
cəlb edildiyi proqramlar və bilik mübadiləsi sessiyaları vasitəsilə
dövlət-özəl sektor tərəfdaşlığının möhkəmləndirilməsi, sahibkarlıq
subyektlərinin və KOB-ların dəstəklənməsi, eləcə də üzv ölkələrin
iqtisadiyyatlarında innovasiyayönümlü inkişafın təşviqi
hədəflənir.

Yüksək vəzifəli dövlət rəsmiləri, aparıcı yerli və beynəlxalq
şirkətlərin prezidentləri və baş icraçı direktorları, çoxtərəfli
inkişaf institutları, ticarət və sənaye palataları, biznes
assosiasiyaları, investisiyaların təşviqi agentlikləri,
investorlar, sahibkarlar və maliyyə qurumlarının nümayəndələri də
daxil olmaqla, tədbirin 1500-dən çox iştirakçını bir araya
gətirəcəyi gözlənilir.




Panel müzakirələri və əsas məruzələrlə yanaşı, PSF 2026
çərçivəsində tərəfdaşlara öz layihələrini, xidmətlərini və
investisiya imkanlarını nümayiş etdirmək imkanı yaradan xüsusi
sərgi platforması da fəaliyyət göstərəcək. Forum həm də
innovasiyaların təşviqi və perspektivli biznes ideyalarının ön
plana çıxarılması məqsədi daşıyan startap müsabiqəsinə ev sahibliyi
edəcək.

Bundan əlavə, tədbir zamanı iqtisadi inkişaf və ticarətin
asanlaşdırılması işinə verdikləri töhfələrə görə fərqlənən
təşkilatların və şəxslərin təltif olunduğu İİB Qrupunun Fərqlənmə
Mükafatları dördüncü dəfə öz sahiblərinə təqdim ediləcək.

Forum öz işində görkəmli natiqləri, o cümlədən İİB Qrupuna daxil
olan qurumların baş icraçı direktorlarını – ICIEC-nin baş icraçı
direktoru və ICD-nin müvəqqəti baş icraçı direktoru Dr. Xalid
Xələfallanı və ITFC-nin baş icraçı direktoru, mühəndis Ədib Yusuf
Əl Aamanı qəbul edəcək. Onlar sənaye liderləri və mütəxəssislərlə
birlikdə İİB-ə üzv dövlətlər arasında investisiya və ticarət
sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən dəyərli
fikirlərini və qabaqcıl təcrübələrini bölüşəcəklər.

Daha ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi veb-saytına
daxil ola bilərsiniz: www.isdbg-psf.org