Bakı. Trend:
8 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov İspaniya Krallığının Xarici İşlər,
Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin ölkəmizdə səfərdə olan
xarici və qlobal məsələlər üzrə dövlət katibi Dieqo
Martinez-Belionu qəbul edib.
Görüş zamanı, Azərbaycan və İspaniya arasında ikitərəfli
münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, xüsusilə
siyasi dialoqun əhəmiyyəti, iqtisadi, enerji, turizm, nəqliyyat,
humanitar və mədəni sahələrdə əməkdaşlıq, eləcə də regional məsələr
müzakirə olunub.
Nazir Ceyhun Bayramov İspaniya ilə münasibətlərin dostluq və
qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayaraq, iki
ölkə arasında mövcud siyasi dialoqun və beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin
vacibliyini qeyd edib. Liderlər arasında ötən ilin noyabr ayında
COP29 çərçivəsində Bakıda, cari ilin may ayında isə Tiranada
keçirilmiş görüşün əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı, cari ilin mart ayında Bakıda keçirilmiş
Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci
iclasının vacib platforma olduğu bildirilib.
Görüş zamanı tərəflər həmçinin Azərbaycan ilə Avropa İttifaqı
arasında tərəfdaşlıq münasibətləri, enerji təhlükəsizliyi, yaşıl
enerji və nəqliyyat-kommunikasiya layihələri üzrə əməkdaşlıq
imkanları nəzərdən keçirilib.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda yaranmış
yeni reallıqlar, sülh prosesi, tarixi Vaşinqton görüşünün
nəticələri, habelə Azərbaycanın bölgədə davamlı yinkişaf və
sabitlik naminə atdığı addımlar barədə qarşı tərəfə ətraflı məlumat
verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və
regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Eyni gündə həmçinin Azərbaycan Respublikası ilə İspaniya
Krallığı Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi
məsləhətləşmələr keçirilib. Nümayəndə heyətinə Azərbaycan
tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İspaniya
tərəfindən isə Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq
Nazirliyinin xarici və qlobal məsələlər üzrə dövlət katibi Dieqo
Martinez-Belio başçılıq ediblər.

