
Bakı.Trend:
Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri
ilə Kamran Telman oğlu Məlikov Qarabağ Universitetinin İqtisadiyyat
fakültəsinin dekanı vəzifəsinə təyin olunub.
Bu barədə Trend-ə universitetdən məlumat verilib.
Bildirilib ki, Kamran Məlikov 2010-cu ildə Azərbaycan Dövlət
İqtisad Universitetində Mühasibat uçotu ixtisası üzrə bakalavriat
təhsilini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Böyük
Britaniyanın Exeter Universitetində Maliyyə ixtisası üzrə
magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub.
“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012–2016-cı illərdə
Böyük Britaniyanın Essex Universitetində Mühasibat uçotu və maliyyə
ixtisası üzrə doktorantura təhsili alıb.
“K.Məlikov Böyük Britaniyada 10 ildən artıq akademik təcrübəyə
malikdir. Belə ki, o, 2015–2022-ci illərdə Böyük Britaniyanın Essex
Universitetində Mühasibat uçotu və maliyyə üzrə müəllim, baş
müəllim və dosent vəzifələrində çalışıb”.
Qeyd edilib ki, 2022-ci ildən etibarən isə dünyanın nüfuzlu
universitetlərindən sayılan Southampton Universitetində dosent
vəzifəsində fəaliyyətini davam etdirib. Mühasibat uçotu və biznes
sahəsində beynəlxalq nüfuzlu elmi jurnallarda bir sıra elmi
məqalələrin müəllifidir.

