
Bakı. Trend:
Müşahidələr göstərir ki, həftəsonu əhalinin bölgələrə, bağ
massivlərinə, istirahət məkanlarına üz tutması avtomobil yollarında
hərəkət intensivliyini artırır.
Trend xəbər verir ki, bu
barədə Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu yollardakı
vəziyyətlə bağlı müraciətində deyilir.
Bildirilir ki, bununla bağlı yerli və respublika əhəmiyyətli
avtomobil yollarında təhlükəsizlik tədbirlər gücləndirilsə də,
təəssüf ki, bəzən sürücülər tərəfindən yol hərəkəti qaydalarına
riayət edilməməsi, tələskənliyə, diqqətsizliyə yol verilməsi
səbəbindən həftəsonu ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının
şahidi oluruq.
“Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan
sürücülərə müraciət edərək onlara mənzil başına təhlükəsiz çatmaq
üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, sürət
rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi
əməl etməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun, yuxusuz
halda sükan arxasına əyləşməməyi tövsiyə edir.
Unutmayaq ki, yol hərəkəti zamanı intizamlı olmaq özümüzə və
başqalarına verdiyimiz dəyərdir!”, – qurumdan əlavə olunub.

