
Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil
müəssisələrində çalışan bir qrup təhsil işçisi 5 Oktyabr-Beynəlxalq
Müəllimlər Günü münasibətilə təltif edilib.
Trend xəbər verir ki,
tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi
Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən
Nərminə Hüseynova, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin
müdiri İlahə Rəsulova, Təhsil İnstitutunun direktor müavini Fuad
Qarayev, Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı
mərkəzinin direktoru Nəzakət Mehdiyeva, BŞTİ-nin müvafiq struktur
bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak
ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə
başlayan tədbirdə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan Nərminə Hüseynova cəmiyyətin
aparıcı qüvvəsi olan təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü
münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar
arzulayıb.
N.Hüseynova təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin
təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə
Elm və Təhsil Nazirliyi tərəfindən 16 təhsil işçisinin “Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 30 təhsil
işçisinin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri
Fərmanı” və 92 təhsil işçisinin BŞTİ-nin Təşəkkürnaməsi ilə təltif
olunduğunu qeyd edib.
Dövlət başçısı İlham Əliyevin təhsilə göstərdiyi diqqət və
qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışan
N.Hüseynova ölkəmizdə təhsil işçilərinin, xüsusən də müəllimlərin
dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə
Rəsulova, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev müəllim
nüfuzunun artırılması, nüfuzlu təhsilverənlərin formalaşdırılması
istiqamətində dövlətin təhsil siyasətinə uyğun olaraq məqsədyönlü
tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, ölkəmizin
intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan
fəaliyyət göstərən təhsilverənlərə gələcək işlərində uğurlar
arzulayıblar.
Təhsil işçiləri onların əməyinə verilən dəyərə görə
təşəkkürlərini bildirib və bundan sonra da üzərlərinə düşən məsul
vəzifənin öhdəsindən layiqincə gələcəklərini söyləyiblər.
Sonra təltif olunmuş 46 təhsil işçisinə “Azərbaycan Respublikası
qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Elm
və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib.
Pedaqoji fəaliyyətində səmərəli xidmətlərinə görə 92 təhsil
işçisi BŞTİ tərəfindən Təşəkkürnamə ilə təltif edilib.
Tədbirdə 2, 3, 5, 7 və 8 nömrəli uşaq-gənclər inkişaf
mərkəzlərinin dərnək üzvlərinin ifasında müxtəlif musiqi və rəqs
nömrələri təqdim olunub.

